


“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub
Şəki, 28 sentyabr, AZƏRTAC
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda Şəkinin zəngin memarlıq irsinə həsr olunmuş yeni kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qoruğun memarı Sehran Məmmədov və elmi işçisi Zəminə Rəsulovanın müəllifi olduğu kitabda Şəki memarlığını fərqləndirən əsas xüsusiyyətlərdən biri – fasad naxışları sistemli şəkildə araşdırılıb və real nümunələr əsasında təqdim olunub.
Təqdimat mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kitabın “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan memarlığına dəyərli töhfə olduğunu vurğulayıb və müəlliflərə gələcək tədqiqatlarında uğurlar arzulayıb.
“Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov və digər natiqlər müəllifləri kitabın ərsəyə gəlməsi münasibətilə təbrik edərək onlara gələcək tədqiqatlarında uğurlar arzulayıblar.
Kitab memarlıq mütəxəssisləri və tədqiqatçılarla yanaşı, Şəkinin tarixi-mədəni irsinə maraq göstərən hər kəs üçün qiymətli mənbədir.