


Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır
Nyu-York, 28 sentyabr, AZƏRTAC
İnsanların doğma yurdlarına qayıdışı üçün təhlükəsiz, sağlam və ləyaqətli həyat şəraiti təmin edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Sen-Martenin sabiq hökumət komissarı və Proqressiv Əmək Partiyasının (PLP) üzvü Vudli Çarlz Albertis BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Məcburi köçkünlükdən doğma yurda — kimlik, tarixi yaddaş və qayıdış hüququ” adlı panel müzakirəsində deyib.
“İnsanlar təhlükəsiz, sağlam və ləyaqətli həyat üçün zəruri şəraitin olmadığı yerə həqiqi mənada qayıda və orada qala bilməzlər”, - deyə o bildirib.
Vudli Çarlz Albertis qeyd edib ki, tarixi ədalət yalnız keçmişdə baş verənlərlə bağlı deyil, insanların bu gün öz doğma yurdlarında gələcək qurmaq imkanları ilə də ölçülməlidir: “Gecikmiş ədalət yalnız üç əsr əvvəl adalarımızda baş verənlərlə bağlı deyil. Söhbət bu gün orada kimin gələcəyinin olmasından gedir”.
O, xüsusilə gənclərin təhsil, müalicə və iş imkanları üçün doğma adalarını tərk etdiklərini və onların heç də hamısının geri qayıda bilmədiyini vurğulayıb.
“Öz müqəddəratını təyinetmə yalnız statusun dəyişməsi ilə başa çatmır. Bu proses bərabərlik real olduğu zaman tamamlanır. Adamız kiçik ola bilər, amma fundamental hüquqlarımız kiçik deyil”, - deyə Vudli Çarlz Albertis bildirib.