


BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB
Nyu-York, 28 sentyabr, AZƏRTAC
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə, tarixi yaddaşın və mədəni irsin qorunması məsələləri müzakirə olunub.
Konfransın açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun Kommunikasiya və Data Analitikası şöbəsinin müdiri Elgün Hacıyev Qərbi azərbaycanlıların qayıdış hüququ məsələsinə toxunub. O bildirib ki, Qərbi azərbaycanlıların öz keçmiş yaşayış yerlərinə qayıdış hüququ məsələsi BMT-nin müvafiq qurumları və beynəlxalq mexanizmləri çərçivəsində nəzərdən keçirilməyə layiqdir.
“Qayıdış hüququ fundamental insan hüququdur. Öz doğma yurduna qayıtmaq yalnız fiziki qayıdış deyil. Bu, kimliyin, ləyaqətin, tarixi yaddaşın və mədəni davamlılığın bərpası deməkdir”, - deyə Elgün Hacıyev vurğulayıb.
Tədbir çərçivəsində indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından çıxarılmış azərbaycanlıların tarixindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.
Daha sonra konfrans işini panel müzakirələri ilə davam etdirib. “Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ” adlı birinci paneldə qayıdış hüququnun beynəlxalq hüquqi əsasları, dekolonizasiya və öz müqəddəratını təyinetmə prinsipləri, məcburi köçürülmüş insanların hüquqlarının müdafiəsində beynəlxalq mexanizmlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.
“Məcburi köçkünlükdən doğma yurda - kimlik, tarixi yaddaş və qayıdış hüququ” adlı ikinci paneldə isə insanların öz ata-baba yurdlarından ayrılmasının nəticələri, doğma yurda qayıdış, mədəni kimliyin və tarixi yaddaşın qorunması, habelə təhlükəsiz və ləyaqətli qayıdış üçün zəruri şərait müzakirə edilib.
Corc Meyson Universitetinin doktorantı, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin baş redaktoru Əli Məmmədov çıxışında Qərbi azərbaycanlıların Ermənistandakı keçmiş yaşayış yerlərinə qayıdışı məsələsinə diqqət çəkib. O bildirib ki, üç onillikdən artıq vaxt keçməsinə baxmayaraq, azərbaycanlı qaçqınların mənşə yerləri ilə əlaqəsi, qayıdış və mədəni irsin qorunması məsələləri aktuallığını saxlayır.
Əli Məmmədov, həmçinin vurğulayıb ki, azərbaycanlı icmalar tarixən İrəvanda və indiki Ermənistanın digər ərazilərində yaşayıblar və onların tarixi mövcudluğu məscidlərdə, qəbiristanlıqlarda, yaşayış məntəqələrində, tarixi yer adlarında, eləcə də digər mədəni və dini irs nümunələrində öz əksini tapıb.
Konfransda Yeni Kaledoniya, Korsika, Sent-Martin və Karib hövzəsinin digər ərazilərindən nümayəndələr, Afrika mənşəli xalqların və Siqh icmasının təmsilçiləri, keçmiş hökumət rəsmiləri, siyasi və ictimai təşkilatların nümayəndələri, ekspertlər iştirak ediblər.
Konfransın yekununda Bakı Təşəbbüs Qrupu və tədbir iştirakçıları adından BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul edilib. Müraciətdə Qərbi Azərbaycanda və sənəddə qeyd olunan digər ərazilərdə yaşayan və ya həmin ərazilərlə bağlı olan şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışının təşviqinə, həmçinin Ermənistan ərazisində Azərbaycanın mədəni, dini və tarixi irsinin qorunması və mühafizəsi üçün səmərəli təminatların yaradılmasına çağırılıb.
Tədbirin sonunda konfrans iştirakçıları səssiz aksiya keçiriblər. Aksiya zamanı “Qərbi Azərbaycan — qayıdış xeyriyyə deyil, hüquqdur”, “Ədalət qayıdış hüququndan başlayır”, “Qayıdış olmadan dekolonizasiya tamamlanmayıb”, “Müstəmləkəçiliyə son qoyulsun, tarixi ədalət bərpa edilsin” və “Öz müqəddəratını təyinetmə dekolonizasiyaya aparan yoldur” şüarlarının əks olunduğu plakatlar qaldırılıb.