


Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın mübarizəsi ərazi bütövlüyünün bərpasından tam dövlət suverenliyinin təmin olunmasına qədər şərəfli bir yol keçdi... Azərbaycan-Ermənistan münaqişəsinin mahiyyətinə beynəlxalq hüquq prizmasından yanaşdıqda aydın görünür ki, söhbət iki suveren dövlət arasında ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin pozulması nəticəsində yaranmış münaqişədən gedirdi. Beynəlxalq birlik bütün münaqişə dövründə Qarabağı və ətraf rayonları Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı politoloq Aydın Tağıyev deyib.
O bildirib ki, bu mövqe BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində öz əksini tapıb, həmin sənədlərdə işğal olunmuş Azərbaycan ərazilərindən silahlı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdi. Buna baxmayaraq, qətnamələrin icrası onilliklər ərzində təmin edilməmiş, işğal faktı davam etmişdi. Məhz bu səbəbdən Azərbaycan münaqişəyə yalnız regional təhlükəsizlik problemi kimi deyil, eyni zamanda, beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması və dövlət suverenliyinə qarşı yönəlmiş təcavüz aktı kimi yanaşmışdı. Azərbaycanın siyasi mövqeyinə görə, sonrakı dövrdə həyata keçirilən diplomatik, siyasi və hərbi addımların əsas məqsədi beynəlxalq hüququn tanıdığı suveren hüquqların bərpası, ölkənin ərazi bütövlüyünün təmin olunması və ədalətin bərqərar edilməsindən ibarət olmuşdu. Bu şəraitdə Azərbaycan rəhbərliyi 2020-ci ilin payızında başlayan hərbi əməliyyatları beynəlxalq hüquqla tanınmış əraziləri üzərində dövlət hakimiyyətinin bərpasına yönəlmiş fəaliyyət kimi təqdim edirdi. Azərbaycanın mövqeyinə görə, məqsəd başqa dövlətin ərazisini əldə etmək və ya yeni sərhədlər formalaşdırmaq deyil, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren hüquqlarını təmin etmək idi.
Politoloq qeyd edib ki, 2020-ci ildə əldə olunmuş nəticələr BMT qətnamələrinin uzun illər icra olunmayan müddəalarının sahədə reallığa çevrilməsi demək idi. Məhz buna görə də Vətən müharibəsi təkcə hərbi əməliyyatlar silsiləsi kimi deyil, dövlət suverenliyinin bərpası, beynəlxalq hüququn prinsiplərinin tətbiqi və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək istiqamətində apardığı mübarizənin həlledici mərhələsi kimi təqdim olunur: “Birinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk qrupu 1992-ci ildə münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə yaradılmışdı. Onun mandatı danışıqlar üçün çərçivə formalaşdırmaq idi, lakin heç bir müsbət addımını ölkəmiz üçün illər boyu etmədilər, biz də görmədik. Onların fəaliyyəti “nəticəsiz vasitəçilik” və “dondurulmuş münaqişə modeli”ndən başqa bir şey deyildi turistik səfərlər formatına bənzər bir yanaşma vardı. Sonu isə nəticəsiz qaldı. Hər birimizin gözü önündə fakt bu idi ki, illər boyu BMT qətnamələrinin icrası təmin edilmədi və işğal faktı aradan qaldırılmadı.
2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan danışıqlara yeni yanaşma ortaya qoydu. O, mövcud danışıqlar formatının dəyişdirilməsi və Qarabağ ermənilərinin ayrıca tərəf kimi masaya gətirilməsi ideyasını müdafiə etdi. Bu isə danışıqlar prosesində ciddi fikir ayrılıqları yaratdı. 2020-ci il sentyabrın 27-də genişmiqyaslı hərbi əməliyyatlar başladı. Azərbaycan bunu özünümüdafiə hüququnun həyata keçirilməsi və işğal altındakı ərazilərin azad olunması kimi təqdim etdi. Ermənistan isə hadisələri fərqli şəkildə şərh edirdi. Lakin nəticə etibarilə 44 günlük müharibə regionun geosiyasi reallığını dəyişdirdi və Azərbaycanın uzun illər nəzarətindən kənarda qalmış ərazilərinin böyük hissəsi üzərində nəzarəti bərpa olundu.
2020-ci il müharibəsindən sonra Qarabağda silahlı birləşmələrin mövcudluğu və üçtərəfli Bəyanatın müxtəlif müddəaları ətrafında mübahisələr davam etdi. Azərbaycan rəhbərliyinin yanaşmasına görə, 2023-cü ilin sentyabr antiterror tədbirləri ölkənin konstitusiya quruluşunun və suverenliyinin bütün ərazidə bərpasına xidmət etdi. Bunun nəticəsində separatçı qurum fəaliyyətini dayandırdı və Azərbaycan Qarabağ üzərində tam suveren nəzarətini bərpa etdiyini bəyan etdi”.
A.Tağıyev əlavə edib ki, 27 Sentyabr və 20 Sentyabr tarixləri Azərbaycanın müasir dövlətçilik tarixində bir-birini tamamlayan və vahid strateji məqsədə xidmət edən iki mühüm mərhələ kimi qiymətləndirilir: “Bu tarixi hadisələr göstərdi ki, milli maraqlara əsaslanan ardıcıl siyasət, güclü dövlətçilik ənənələri və xalq-hakimiyyət birliyi ən mürəkkəb problemlərin belə həllinə imkan yaradır. Bu gün həmin qələbələrin yaratdığı yeni reallıq regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün mühüm zəmin formalaşdırıb. Azərbaycanın qarşısında duran əsas vəzifə isə əldə olunmuş tarixi nəticələri qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir”.