×
A
A
A
Sazlamalar

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Bakı, 28 sentyabr, AZƏRTAC

Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması olduqca vacibdir. Bu, yalnız tarixi şəxsiyyətin xatırlanması deyil, Azərbaycan tarixinin mühüm dövrlərinə, o cümlədən Şirvanşahlar və Eldəgizlər dövlətlərinin tarixinə, Yaxın və Orta Şərq tarixinin müxtəlif aspektlərinə, ərəb coğrafiyasına, İslam və xristianlığa, sufizmə, yunan fəlsəfəsinə və orta əsr ədəbi ənənələrinə yenidən nəzər salmaq imkanı yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalova deyib.
O bildirib ki, bütün bu istiqamətlərin dərindən araşdırılması üçün yeni nəslin yetişdirilməsinə ehtiyac var. Bu baxımdan, gənclər arasında klassik irsimizə marağın oyadılması məqsədilə yubiley tədbirlərinin keçirilməsi böyük əhəmiyyət daşıyır.
Dosent qeyd edib ki, əsas məsələlərdən biri klassik ədəbiyyatımızı orijinaldan oxuya bilən nəslin yetişdirilməsidir.
“Tariximizi, klassik irsimizi düzgün öyrənməyin yolu ərəb və fars dillərini bilməkdən keçir. Tədqiqatlarda poetik tərcümələrdən deyil, əlyazmalardan, orijinal mətnlərdən istifadə edilməlidir. Yalnız belə yanaşma Xaqani əsərlərinin əsl tarixi əhəmiyyətini ortaya çıxara bilər. Buna görə də yeni nəsildə klassik irsə və tarixi mənbələrə maraq oyatmaq üçün, ilk növbədə, filologiya və tarix fakültələrində bu dillərin əsaslı şəkildə tədrisinə diqqət yetirilməlidir”, – deyə E.Zeynalova əlavə edib.
Müxbir - Fidan Əlizadə

Mədəniyyət 2026-09-28 00:42:00