×
A
A
A
Sazlamalar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Paris, 27 sentyabr, AZƏRTAC

Fransada keçirilən Senat seçkilərinin ilk nəticələri sağçı və mərkəzçi siyasi qüvvələrin üstünlük təşkil etdiyini göstərib.
AZƏRTAC xəbər verir ki, səsvermənin ilk turunda majoritar sistem üzrə 34 departament və ərazidə seçilən 59 senator mandatından 37-si müəyyənləşib. Seçilən senatorların 31-i əvvəl də Senatda fəaliyyət göstərib.
İlk nəticələrə əsasən, altı yeni senator da mandat qazanıb. Majoritar sistem üzrə qalan 22 yer üçün ikinci tur keçiriləcək. Proporsional sistemlə seçilən 119 senator mandatı üzrə nəticələrin isə açıqlanması gözlənilir.
Ümumilikdə, Senatın 348 yerindən 178-i budəfəki seçkilərdə yenilənir. Səsvermədə 93 min 469 “böyük seçici”nin iştirak etmək hüququ olub. Onların 95 faizindən çoxunu bələdiyyə nümayəndələri təşkil edir. Seçici kollegiyasına, həmçinin deputatlar, regional və departament şuralarının üzvləri daxildir.
Fransada senatorlar altı il müddətinə dolayı ümumi səsvermə yolu ilə seçilirlər. Parlamentin yuxarı palatası hər üç ildən bir yarıbayarı yenilənir.
Budəfəki seçkilərdə ümumilikdə 1686 namizəd senator mandatı uğrunda mübarizə aparıb.

Dünya 2026-09-27 23:24:00