×
A
A
A
Sazlamalar

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi Zəfər parkına yürüş edib.
AZƏRTAC xəbər verir ki, universitetin rəhbər heyəti, professor-müəllim kollektivi və tələbələr Zəfər parkında 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, vətənin müstəqilliyi, ərazi bütövlüyü və dövlət suverenliyinin qorunması uğrunda canlarını fəda etmiş qəhrəmanların müqəddəs xatirəsi dərin ehtiramla yad ediblər.
Eyni zamanda, ADPU-nun fakültə və filiallarında Anım Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib.
Şamaxı filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Əbədi Yaddaş və Qəlbimizdə Yaşayan Qəhrəmanlar” mövzusunda tədbir keçirilib.Tədbirdə qonaq qismində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyev, filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir şəhid məzunların xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlanıb.
Rəsmi hissədə filialının direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik, həmrəylik və Vətən sevgisi tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir.
Ardınca Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov “Dünyaya səs salan qəhrəmanlıq salnaməsi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyev, şəhid Ziyad Zərbalıyevin anası Pakizə Zərbalıyeva və şəhid Nazim Beydiyevin anası Aidə Beydiyeva çıxış edərək şəhidlərin keçdiyi şərəfli döyüş yolundan və onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyindən söz açıblar. Tədbirin bədii hissəsində tələbələr tərəfindən Vətən və şəhidlik mövzusunda şeirlər səsləndirilib.
Şəki filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş elmi seminar keçirilib.Tədbirdə şəhidlərin ailə üzvləri, Vətən müharibəsi qaziləri, filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Seminarı filialın direktoru dosent Vurğun Məmmədov açaraq 27 Sentyabr tarixinin Azərbaycanın müasir tarixindəki əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, şəhidlərin qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb.
Ümumelmi fənlər kafedrasının müəllimi Nərgiz Heydərovanın “27 Sentyabr – Böyük Zəfərə gedən yolun başlanğıcıdır” mövzusunda elmi məruzəsi dinlənilib. Seminar çərçivəsində Vətən müharibəsinin müxtəlif məqamlarını və şəhidlərin qəhrəmanlığını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbirdə şəhid Məmmədiyə Cabbarzadənin anası Zöhrə Cabbarzadə və filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının və onların qəhrəmanlıq yolunun gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.
Bundan əlavə, Şəki filialının direktoru dosent Vurğun Məmmədov və filialın bir qrup əməkdaşı 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Nicat İmamverdiyevin ailəsini ziyarət ediblər.

Cəmiyyət 2026-09-27 21:58:00