×
A
A
A
Sazlamalar

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Helsinki Azərbaycan Evində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunan Anım Günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Anım Günü ilə əlaqədar Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş xüsusi guşə hazırlanıb.
Helsinki Azərbaycan Evində fəaliyyət göstərən həftəsonu Azərbaycan dili dərslərinin müəllimi İmamə Alişova Anım Günü ilə bağlı şagirdlər üçün məlumatlandırıcı materiallar hazırlayıb, 27 Sentyabrın tarixi və əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə Finlandiyada yaşayan Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər. Qonaqlar sırasında Helsinkinin Jakomäki sağlamlıq mərkəzində ailə həkimi Sevinc Rüstəmova, Finlandiya Sosial Demokrat Partiyasının fəal üzvü Aytən Səmədova, eləcə də Finlandiyada yaşayan yazıçı və tərcüməçi Tahirə Cəfərova yer alıblar.
Tədbir zamanı Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxış edərək 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşındakı xüsusi əhəmiyyətindən bəhs edib. Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Anım tədbiri şəhidlərin xatirəsinə hörmət və ehtiramın ifadəsi olaraq, milli yaddaşın gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini bir daha vurğulayıb.

Cəmiyyət 2026-09-27 21:40:00