×
A
A
A
Sazlamalar

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

Nyu-York, 24 sentyabr, AZƏRTAC

COP31 hökumətləri, investorları və biznesi bir araya gətirərək iqlim öhdəliklərinin konkret layihələrə və real investisiya imkanlarına çevrilməsinə töhfə verməlidir.
AZƏRTAC xəbər verir ki, bunu COP31-in iqlim üzrə yüksək səviyyəli çempionu, “Zero Waste Foundation”ın sədri Səməd Ağırbaş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda təşkil etdiyi XXXVII Yüksəksəviyyəli Görüş çərçivəsində keçirilən “Ambisiyadan yekun investisiya qərarınadək: COP31 iqlim öhdəliklərini necə investisiya imkanlarına çevirə bilər?” mövzusunda panel müzakirəsində bildirib.
Səməd Ağırbaş enerji, okeanlar və sıfır tullantı istiqamətlərinə toxunaraq bildirib ki, sıfır tullantı yanaşması yalnız tullantıların idarə olunması ilə məhdudlaşmır, həm də resurslardan daha səmərəli istifadəni, istehsal və istehlak üsullarının dəyişdirilməsini nəzərdə tutur.
“Biz biznesin əminliklə investisiya edə biləcəyi şərait yaratmalıyıq. Daha güclü layihələrə və yeni texnologiyalara ehtiyacımız var. Süni intellekt də daxil olmaqla yeni texnologiyalar resurslardan daha səmərəli istifadə etməyə və daha effektiv iqlim həlləri yaratmağa kömək edə bilər. Planlar vacibdir, lakin bizə layihələr, maliyyə və onların həyata keçirilməsi üçün aydın addımlar da lazımdır”, - deyə o əlavə edib.
COP31-in bu prosesdə mühüm rol oynaya biləcəyini vurğulayan Səməd Ağırbaş COP31-in hökumətləri, investorları və biznesi bir araya gətirərək ambisiyaları real imkanlara çevirə biləcəyini qeyd edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York

Siyasət 2026-09-24 01:44:00