


“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
London, 23 sentyabr, AZƏRTAC
“Euronews” telekanalı Azərbaycanın zəngin musiqi irsindən bəhs edən videosüjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, “From Classical to Mugham: Montreux hosts Azerbaijan’s musical heritage” (“Klassik musiqidən muğama: Montrö Azərbaycanın musiqi irsinə ev sahibliyi edir”) sərlövhəli materialda İsveçrənin Montrö şəhərində keçirilən “Septembre Musical Montreux-Vevey” festivalının 80 illiyi çərçivəsində Azərbaycan musiqisinin geniş təqdim olunduğu bildirilib.
Süjetdə qeyd olunur ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə ümumilikdə 200-ə yaxın sənətçi səhnəyə çıxıb. Proqramda Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, opera, muğam, caz və milli rəqs nümunələri təqdim edilib.
“Euronews” vurğulayır ki, proqram Azərbaycanın musiqi kimliyinin klassik irsdən müasir janrlara qədər müxtəlif istiqamətlərini bir araya gətirib. Festival həmçinin azərbaycanlı sənətçilərə ölkənin zəngin musiqi irsini dünyanın tanınmış musiqi məkanlarından birində beynəlxalq auditoriyaya təqdim etmək imkanı yaradıb.
Videosüjetdə “Septembre Musical Montreux-Vevey” festivalının direktoru Mischa Damev də Azərbaycan mədəniyyətinin təqdimatından danışaraq, bu cür çıxışların tamaşaçılarda ölkənin mədəni kimliyi haqqında təsəvvür formalaşdırdığını bildirib. Mədəniyyət nazirinin müavini, pianoçu Murad Hüseynov qeyd edib ki, konsert Azərbaycan musiqisinin dünyanın nüfuzlu səhnələrindən birində təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyıb.