


Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir
Bakı, 23 sentyabr, AZƏRTAC
Qaşqay türklərinin mənəvi-mədəni irsində aşıq sənəti xüsusi mövqeyə malikdir. İranın əsasən Fars vilayətində yaşayan Qaşqay türklərinin zəngin şifahi yaradıcılıq sistemi içərisində aşıq ənənəsi musiqi, poeziya, dastançılıq və xalq yaddaşının vəhdətində formalaşıb. Qaşqayların köçəri və yarımköçəri həyat tərzi, tayfa-el münasibətləri, yaylaq-qışlaq həyatı və təbiətlə sıx bağlılığı onların musiqi və folklor yaradıcılığının məzmununa mühüm təsir göstərib. Aşıq burada yalnız musiqiçi deyil, həm də söz söyləyən, dastan danışan, hadisələri poetik şəkildə ifadə edən və kollektiv yaddaşı yaşadan sənətkar kimi çıxış edir.
Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova söyləyib.
O qeyd edib ki, Qaşqay aşıq ənənəsi ümumtürk ozan-aşıq mədəniyyətinin cənub coğrafiyasındakı özünəməxsus təzahürlərindən biri kimi nəzərdən keçirilə bilər.
“Türk xalqlarında ozan, baxşı, dədə və aşıq kimi müxtəlif adlarla tanınan sənətkarların əsas funksiyalarından biri şifahi ənənəni qorumaq, poetik mətnləri musiqi ilə müşayiət etmək və xalqın mənəvi dəyərlərini nəsildən-nəslə ötürmək olub. Aşıq sənətinin Azərbaycan, Anadolu və İranın türkdilli mühitlərində müxtəlif formalarda yaşaması bu ənənənin geniş tarixi və coğrafi yayılmasını göstərir. Qaşqay mühitində aşıq sənəti yalnız fərdi ifaçılıq deyil, həm də müəyyən sosial-mədəni institut xarakteri daşıyır. Sahə materiallarında Qaşqayların Aşıqlar tayfa-subqrupu haqqında məlumatlara rast gəlinməsi və aşıq ənənəsinin konkret sənətkarlar tərəfindən yaşadılması bu sənətin el daxilində xüsusi statusa malik olduğunu göstərir. “Qashqai oral literature” üzrə hazırlanmış korpusda müxtəlif tayfa və yarımtayfalardan toplanmış folklor mətnləri ilə yanaşı, ayrıca “asheq narratives” – aşıq rəvayətləri də qeydə alınıb. Həmin materiallar arasında Aşiq Amir-Hüseyn adlı sənətkarla aparılmış sahə müsahibəsinin də yer alması Qaşqay aşıq ənənəsinin canlı şəkildə sənədləşdirildiyini göstərir”,- deyə İ.Qəsəbova əlavə edib.

Dosent Qaşqay aşıqlarının yaradıcılığında söz, musiqi və rəvayətin bir-birindən ayrılmaz komponentlər olduğunu deyib: “Aşığın əsas funksiyalarından biri xalq arasında məşhur olan hekayə və dastanları musiqi müşayiəti ilə söyləməkdir. Bu baxımdan Qaşqay aşıq repertuarında “Koroğlu”, “Qərib və Şahsənəm”, “Əsli və Kərəm” kimi Türk dünyasının müxtəlif bölgələrində yayılmış epik-məhəbbət süjetlərinin mövcudluğu diqqətəlayiqdir. Qaşqay musiqisi haqqında materiallarda “Koroğlu”, “Qərib və Sənəm”, “Xosrov”, “Bəstun”, “Heydəri” və “Gəraylı” kimi adların da musiqi-dastan repertuarı ilə bağlı çəkilməsi bu ənənənin epik-poetik xarakterini göstərir. Xüsusilə “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının mühüm göstəricilərindən biridir. “Koroğlu” dastanı Azərbaycan, Anadolu, Türkmənistan, İran və digər türk xalqlarının folklorunda müxtəlif variantlarda mövcuddur.
Qaşqay variantlarında da qəhrəmanlıq, igidlik, dostluq, sədaqət və mübarizə motivləri mühüm yer tutur. Lakin Qaşqay ifa mühitində dastanın musiqi quruluşu və melodik xüsusiyyətləri yerli ənənənin təsiri ilə fərqlənə bilir. Bu fakt göstərir ki, ortaq süjetin mövcudluğu bütün coğrafiyalarda eyni musiqi formasının təkrarlanması demək deyil; hər bir mühit ümumi epik materialı öz estetik və musiqi sistemi daxilində yenidən yaradır. Qaşqayların “Koroğlu” ifalarında epik və lirik elementlərin bir-birinə keçməsi də bu xüsusiyyətin nümunəsidir. Qaşqay aşıq musiqisinin alət tərkibi də diqqətəlayiqdir. Mənbələrdə aşıqların əsasən qopuz/çögür tipli simli alətlərdən istifadə etdikləri, sonrakı mərhələlərdə kamança və setar kimi alətlərin də musiqi mühitinə daxil olduğu qeyd olunur. Digər tərəfdən, Qaşqay musiqi mədəniyyətində çəngilər, karna və nağara kimi alətlərdən istifadə edən ifaçı qrupları da mövcud olub. Qaşqay musiqi sistemi yalnız aşıq ifaçılığı ilə məhdudlaşmır, müxtəlif funksional musiqi qruplarının qarşılıqlı əlaqəsi əsasında inkişaf edir”.
Müxbir - Fidan Əlizadə