


Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
Nyu-York, 23 sentyabr, AZƏRTAC
Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin (CPC) təşkilatçılığı ilə “Orta Dəhliz boyunca bağlantı, maliyyə və enerji” mövzusunda 7-ci Xəzər Biznes-Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən tədbirdə ABŞ, Azərbaycan və regionun digər ölkələrindən rəsmilər, diplomatlar, biznes nümayəndələri və ekspertlər iştirak ediblər.
Xəzər Siyasət Mərkəzinin prezidenti Əfqan Nifti açılış nitqi zamanı bildirib ki, Azərbaycan ötən il Daşkənd Sammitində Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşlərinə qoşulmaqla formatın C5-dən C6-ya genişlənməsinə töhfə verib. Onun sözlərinə görə, bu, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin getdikcə gücləndiyini göstərir.
ABŞ Dövlət Departamentinin rəsmisi Piter Andreoli Azərbaycan və Ermənistan arasında əldə olunan irəliləyişin regionda daha güclü iqtisadi əlaqələrin qurulması üçün yeni imkanlar yaratdığını deyib. O qeyd edib ki, TRIPP layihəsi daha geniş Orta Dəhlizin mühüm bağlantılarından birinə çevrilə bilər.
ABŞ Dövlət Departamentinin rəsmisi Mark Kameron çıxışı zamanı Vaşinqtonun Mərkəzi Asiya və Cənubi Qafqaza diqqətinin indiyədək olmadığı qədər yüksək olduğunu vurğulayıb. O, Qazaxıstanla Azərbaycanı birləşdirən Trans-Xəzər fiber-optik kabel layihəsinin rəqəmsal bağlantılar və texnologiya investisiyaları üçün yeni imkanlar yaratdığını qeyd edib.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, səmərəli regional bağlantılar Azərbaycan üçün daha qısa və proqnozlaşdırıla bilən marşrutlar, dayanıqlı təchizat zəncirləri, bazarlara daha geniş çıxış, eləcə də yeni ticarət və investisiya imkanları deməkdir. O, bu istiqamətdə Bakı Limanının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonası və modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələrə diqqət çəkib. Nazir müavini TRIPP-in iqtisadi əməkdaşlıqla yanaşı, regionda sülh və sabitliyə də töhfə verə biləcəyini bildirib.
Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Orta Dəhlizin yalnız alternativ ticarət marşrutu deyil, Avrasiyanın bağlantı sisteminin mühüm elementi olduğunu bildirib. Onun sözlərinə görə, region ölkələri sadəcə tranzit məntəqələri deyil, qarşılıqlı əlaqəli gələcəyin tərəfdaşları olmalıdır.
Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə nümayəndəsi Yerjan Kazıxan Orta Dəhlizi ölkəsinin gələcəyinə strateji investisiya adlandırıb. O bildirib ki, marşrut Qazaxıstanı Azərbaycan və bütövlükdə Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropa ilə birləşdirir. TRIPP-in isə Avropa bazarlarına çıxışı təxminən 1000 kilometr qısalda biləcəyini qeyd edib.
Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci bildirib ki, TRIPP mövcud regional marşrutlara rəqib deyil, onları tamamlayan layihə kimi nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, məqsəd müxtəlif nəqliyyat təşəbbüslərinin bir-birini gücləndirdiyi vahid regional sistem yaratmaqdır.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeh çıxışında Azərbaycan və Ermənistan arasında davamlı sülhün sərhədlərin açılmasına, ticarətin genişlənməsinə və regionda yeni iqtisadi imkanların yaranmasına şərait yaradacağını bildirib. Konqresmen, həmçinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvinin bu sahədə müstəsna rolunu vurğulayıb.
“BP America”nın ABŞ üzrə beynəlxalq əlaqələr rəhbəri Kimberli Harrinqton Xəzər regionunun enerji sektorunu uzunmüddətli əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirib. O bildirib ki, bp Azərbaycanda son 30 ildə əldə etdiyi təcrübə və formalaşdırdığı imkanlardan daha geniş regiondakı yeni layihələrdə istifadə etməyi planlaşdırır.
“Apollo Global Management” şirkətinin nümayəndəsi Cəmşid Ehsani SOCAR-la strateji tərəfdaşlığın inkişaf etdirildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda və beynəlxalq səviyyədə irimiqyaslı enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılır.
7-ci Xəzər Biznes-Forumunda regionun strateji əhəmiyyəti vurğulanıb. Orta Dəhlizə xüsusi diqqət yetirilərək, sabitliyin və iqtisadi artımın maksimum təmin edilməsi üçün hökumət, cəmiyyət və biznes dairələrinin maraqlarının uzlaşdırılmasının vacibliyi qeyd olunub.