×
A
A
A
Sazlamalar

Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Saatlı rayonunda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) və Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və AKTA üzvü “Cybersign” şirkətinin tərəfdaşlığı ilə “Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirin əsas məqsədi regionlarda kibertəhlükəsizlik sahəsində mövcud vəziyyəti və çağırışları müzakirə etmək, rəqəmsal təhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirləri müəyyənləşdirmək və qurumlararası əməkdaşlığı genişləndirmək olub.
Konfransın açılışında Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, AKTA-nın icraçı direktoru Rauf Cabarov və “Cyberpoint” şirkətinin direktoru, AKTA İdarə Heyətinin üzvü Elvin Balacanov çıxış ediblər. Çıxışlarda regionlarda rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, kibertəhlükəsizlik üzrə maarifləndirmənin artırılması və müasir kibertəhdidlərə qarşı mübarizə məsələləri diqqətə çatdırılıb.
“Cybersign” şirkətinin direktoru və layihə rəhbəri Elvin Axundov layihənin icrası, görülən işlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.
Tədbirdə Mil-Muğan regionuna daxil olan rayonların rəsmi nümayəndələri regionda kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət və qarşılaşdıqları əsas çağırışlar barədə fikirlərini bölüşüblər. Müzakirələr zamanı rəqəmsal təhlükəsizliyin təmin olunması və yerli səviyyədə görülə biləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Ekspert sessiyasında AKTA eksperti Lalə Kərimova əhalinin kibertəhlükəsizlik üzrə maarifləndirmə və hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə aparılan sorğunun nəticələrini təqdim edib. AKTA eksperti, “YER.az” şirkətinin təsisçisi və direktoru Rəşad Əliyev isə müasir kibertəhdidlər və onların qarşısının alınması yollarından danışıb.
Tədbirin interaktiv hissəsində “Kibertəhlükəsizlik simulyasiyası” viktorinası keçirilib. Sual-cavab sessiyasında AKTA ekspertləri Sadiq İsmayılov və Nicat Cahangirov, eləcə də “Flex” şirkətinin direktoru Fuad Bəkirov iştirakçıların suallarını cavablandırıblar.
Konfrans çərçivəsində layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə təşəkkür sertifikatları təqdim olunub. Həmçinin 7 təlimçiyə və təlim proqramını uğurla tamamlayan 21 iştirakçıya sertifikatlar verilib.
Təlim proqramını başa vuran iştirakçılar Cisco Şəbəkə Akademiyasının “Kibertəhlükəsizliyin əsasları” mövzusu üzrə beynəlxalq sertifikatlarına layiq görülüblər.
Konfrans regionlarda kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişləndirilməsi, yerli kadr potensialının gücləndirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından fikir və təcrübə mübadiləsi üçün imkan yaradıb.

Regionlar 2026-09-21 22:50:00