


Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir
Berlin, 20 sentyabr, AZƏRTAC
Bu gün Almaniyanın iki federal əyalətində - paytaxt Berlində və Meklenburq-Ön Pomeraniyada keçirilən seçkilərdə ilkin nəticələr açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Berlində yerli qanunverici orqan olan Deputatlar Evinə seçkilərin ilkin nəticələrinə əsasən, əsas namizədi Türkiyə əsilli Elif Eralpın olduğu Sol Partiya 24,8 faiz səslə liderlik edir. Partiya əvvəlki seçkilərlə müqayisədə öz nəticəsini iki dəfə yaxşılaşdırıb.
Xristian Demokratlar İttifaqı (CDU) 20 faiz səslə ikinci, Almaniya üçün Alternativ (AfD) partiyası 15,7 faizlə üçüncü sıradadır. Yaşıllar Partiyası səslərin 15 faizini, Sosial Demokratlar Partiyası (SPD) 12 faizini, Sahra Vaqenknext İttifaqı (BSW) isə 5 faizini toplayıb. Azad Demokratlar Partiyası (FDP) 2,4 faiz səslə müəyyən edilmiş həddi keçə bilməyib. Digər partiyalar isə ümumi səslərin 5,1 faizinə sahib olublar.
Bu vəziyyətdə 159 yerlik Deputatlar Evində Sol Partiya 43, CDU 34, AfD 27, SPD 21, BSW isə 8 mandat qazanır.
Meklenburq-Ön Pomeraniya əyalətində keçirilən seçkilərdə isə gözlənildiyi kimi AfD birinci partiya olub. İfrat sağçı partiya səslərin 37,1 faizini toplayıb. Partiya əvvəlki seçki ilə müqayisədə 20 faiz çox səs toplayıb. Əyalətin hazırkı Baş naziri Manuela Şveziqin partiyası SPD 35,6 faiz səslə ikinci olub. Sol Partiya 7,4 faiz, Yaşıllar 5,5 faiz, CDU 5,4 faiz, BSW 5 faiz səs toplayıb. Bununla da 71 yerlik əyalət parlamentində AfD 27, SPD 26, Sol Partiya 6, CDU, Yaşıllar və BSW hər biri 4 mandat qazanırlar.
Qeyd edək ki, Elif Eralp qurulacaq koalisiya hökumətinə rəhbərlik edəcəyi təqdirdə Berlinin miqrant əsilli ilk bələdiyyə sədri olacaq.