×
A
A
A
Sazlamalar

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın dövlət suverenliyinin tam bərpası uzun illər davam edən hərbi-siyasi proseslərin, ordu quruculuğunun və ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticəsi idi. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi məhz bu uzunmüddətli mübarizənin tarixi nəticəsinin rəsmi ifadəsi oldu.
Bu barədə AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan vahid komandanlıq və ordu quruculuğu siyasəti 1994-cü ildə uğurlu Horadiz əməliyyatı ilə hərb tarixində yeni mərhələnin başlanmasına zəmin yaradıb.
“Bu mərhələ həm də Azərbaycanın quruculuq və diplomatik mübarizə tarixində yeni dövr açıb. Biz ordu quruculuğu ilə yanaşı, Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu uzun illər beynəlxalq kürsülərdən səsləndirdik. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsini dünya ictimaiyyətinin diqqətinə çatdırdıq. 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalması və beynəlxalq ictimaiyyət tərəfindən bu vəziyyətlə barışmağa məcbur edilmək cəhdləri qəbuledilməz idi. Məhz buna görə Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasətdə ordu quruculuğuna xüsusi diqqət yetirildi”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ilin iyulunda general-mayor Polad Həşimovun şəhid olması zamanı xalqın nümayiş etdirdiyi həmrəylik də bu gözləntinin gücünü göstərdi: “Bundan sonra geniş ictimai səfərbərlik müşahidə edildi və çox sayda insan könüllü olaraq hərbi xidmətə yazıldı. Nəticədə 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Müharibə nəticəsində ərazilərin böyük hissəsi işğaldan azad edildi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. 10 noyabr tarixli Bəyanat Ermənistanın kapitulyasiyası olmaqla yanaşı, Azərbaycanın heç bir itki vermədən Kəlbəcər, Ağdam və Laçını qaytarması ilə nəticələndi. Bununla da ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı”.
Elmar Hüseyn qeyd edib ki, 2020-ci ildən sonra da Azərbaycanın qarşısında həllini gözləyən mühüm məsələlər qalırdı. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağ ərazisində qalması, qanunsuz silahlı birləşmələrin fəaliyyəti və davam edən təxribatlar yeni təhlükələr yaradırdı.
“Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini yerinə yetirmək əvəzinə fərqli addımlar atırdı. Belə ki, Ermənistanın 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıması, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələrinin quraşdırılması kimi faktlar mövcud idi. Biz artıq başa düşürdük ki, Azərbaycanın suverenliyinin tam təmin olunması üçün konkret addımlar atılmalıdır. 2023-cü ilin sentyabrında baş verən hadisələr də bu prosesin son mərhələsinə gətirib çıxardı. Əməliyyat 23 saat 43 dəqiqə davam etdi və sentyabrın 20-də başa çatdı. Nəticədə Azərbaycan ərazisində qanunun aliliyi və konstitusiya quruluşu bərpa edildi, dövlət suverenliyinin tam bərpası təmin olundu”,- deyə ehtiyatda olan polkovnik-leytenant əlavə edib.

Müxbir - Göyçək Mahmudlu

Ordu 2026-09-20 20:59:00