×
A
A
A
Sazlamalar

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bakı, 20 sentyabr, AZƏRTAC

2023-cü ilin sentyabrında keçirilmiş birgünlük lokal xarakterli antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin məntiqi, məzmunlu və daha inamlı davamı oldu. Hərbi nöqteyi-nəzərdən bu addımın atılması həyati zərurət idi.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli deyib.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Xankəndi, Ağdərə, Xocavənd kimi ərazilərdə erməni terrorçu qalıqlarının varlığı və bəzi xarici güclərin regionla bağlı planları təhlükə yaradırdı.
“Azərbaycanın İraq, Əfqanıstan və Kosovoda antiterror əməliyyatlarında qazandığı zəngin təcrübə sülhməramlıların fəaliyyətini düzgün qiymətləndirməyə imkan verirdi. Sülhməramlıların gedişindən sonra yaranacaq boşluqdan istifadə etmək istəyən yad güclərin planlarını pozmaq üçün bu əməliyyat qaçılmaz oldu. Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərə dəfələrlə çağırış edərək bildirmişdi ki, ərazimizdə yaşamaq istəyənlər Azərbaycan pasportunu qəbul etməli və ölkə qanunlarına tabe olmalıdırlar. Burada heç bir xüsusi güzəşt və ya imtiyaz nəzərdə tutulmurdu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinini unikal tərəfi onun zərgər dəqiqliyi ilə planlaşdırılması idi. Əməliyyat zamanı mülki əhaliyə və mülki infrastruktura heç bir zərər dəymədi, humanizm prinsipləri tam qorundu. Əsas hədəf 30 il ərzində orada yerləşən, sabotaj törədən terrorçu qruplaşmaları zərərsizləşdirmək idi və Azərbaycan buna tam nail oldu”, - deyə İbrahim Rüstəmli qeyd edib.
Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulması və antiterror tədbirlərinin uğurla yekunlaşması ilə Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu deyən ekspert bu Zəfəri Azərbaycan xalqının və dövlətinin beynəlxalq hüquqla qorunan unikal haqqının bərpası adlandırıb: “Bu tarixi zəfərdə payı olan şəhidlərimizə rəhmət, qazilərimizə şərəfli ömür diləyirik”.

2026-09-20 20:10:00