


İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Qahirə, 20 sentyabr, AZƏRTAC
İraq məhkəməsində İŞİD terror təşkilatına üzv olmaqda şübhəli bilinən 6 Fransa vətəndaşının işi üzrə məhkəmə iclası keçirilib.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, mühakimə olunanlar 2025-ci ildə Suriyadan İraqa gətirilən 47 Fransa vətəndaşından ibarət birinci qrupun tərkibində olublar. Onların arasında milli Bastiliya günündə Fransanın Nis şəhərində 86 nəfərin ölümü ilə nəticələnmiş terror aktı həyata keçirmiş Adrien Guihal də var.
Fransalı vəkillər İraqda ölüm cəzası ilə üzləşə biləcək vətəndaşların təcili şəkildə Fransaya qaytarılmasını tələb ediblər. Onlar məhkəmə proseslərinin şəffaflığının təmin edilmədiyini və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının məhdudlaşdırıldığını bildiriblər.
Qeyd olunur ki, 2026-cı ilin əvvəlindən Suriyadan İraqa 60-a yaxın ölkənin İŞİD-ə mənsub olmaqda şübhəli bilinən 5700-dən çox vətəndaşı köçürülüb. İraq Ali Məhkəmə Şurasının məlumatına görə, onların ilkin istintaqı başa çatdırılıb və işlərin növbəti məhkəmə mərhələsinə keçirilməsinə başlanılıb.