


Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur
Bakı, 20 sentyabr, AZƏRTAC
Türk Dünyası Bəstəkarlar Qurultayına həsr olunmuş tədbirlər çərçivəsində “Mədəni kimlik axtarışında türk xalqlarının bəstəkar məktəblərinin formalaşması və inkişafı” mövzusunda dəyirmi masa keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə musiqi sənətində gedən müasir proseslər də müzakirə olunur.
İlk müzakirə panelində türk xalqlarının bəstəkar məktəblərinin inkişaf panoramı, habelə postmodernizm kontekstində arxaik irslə müasirliyin qarşılıqlı əlaqəsi məsələləri nəzərdən keçirilir.
Rəqəmsal texnologiyalar dövründə musiqişünaslığın inkişafı problemlərinə də ayrıca müzakirə həsr olunub. İştirakçılar, həmçinin Türk Xalqları Bəstəkarlar İttifaqının yaradılması, müasir çağırışlar və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edirlər.
Türk xalqlarının musiqi irsinin daha dərindən öyrənilməsinin və onlar arasında yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirilir. Qeyd olunur ki, ümumi mədəni dəyərlər və musiqi irsi birgə yaradıcılıq üçün geniş imkanlar yaradır.
Xüsusilə də söhbət türk xalqlarının ümumi epik irsi olan “Koroğlu” və “Dədə Qorqud” dastanlarından gedir. Bu irsin qorunub saxlanılması və Türk dünyasının ümumi mədəni sərvəti kimi təqdim edilməsinin vacibliyi vurğulanır.
Dəyirmi masada Macarıstanın nümayəndələri də iştirak edirlər. Onlar türk irsi və onun musiqi mədəniyyətində təzahürü ilə bağlı öz baxışlarını təqdim edirlər.