×
A
A
A
Sazlamalar

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Bakı, 19 sentyabr, AZƏRTAC
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə tam suverenliyin bərpa edildiyi şanlı bir mərhələ kimi daxil oldu. Bu əməliyyat, sadəcə, bir hərbi uğur deyil, həm də Azərbaycan Ordusunun qüdrətinin, peşəkarlığının və yüksəksəviyyəli texniki təchizatının bütün dünyaya növbəti dəfə nümayişi idi. 24 saatdan az bir müddətdə qarşıya qoyulan bütün tapşırıqların effektiv və sürətli şəkildə həll edilməsi hərb elmində unikal, hədəfli və tarixi bir nümunə yaratdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni səsləndirib.
O deyib ki, Zəfərə aparan yol 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə ilə başlayıb: “Üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan silahlı qüvvələrinin qalıqlarının torpaqlarımızdan tam çıxarılmaması və törədilən hərbi təxribatlar növbəti qətiyyətli addımların atılmasını qaçılmaz etdi. Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən lokal hərbi əməliyyatlar, o cümlədən “Fərrux”, “Qisas” əməliyyatları və Sentyabr döyüşləri nəticəsində bütün strateji yüksəkliklər Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bu addımlar 2023-cü ilin antiterror tədbirlərinin tam uğurla nəticələnməsi üçün möhkəm zəmin yaratdı”.
Antiterror tədbirlərinin gedişatı zamanı Azərbaycanın əsgər və zabitlərinin nümayiş etdirdiyi peşəkarlığın heyrətamiz olduğunu bildirən R.Zeyni bildirib ki, yüksəkdəqiqlikli intellektual silahlardan və müasir texnologiyalardan istifadə edilməklə yalnız legitim hərbi hədəflər, düşmənin atəş nöqtələri, sığınacaqları və ön xətt mövqeləri məhv edildi. “Əməliyyatın ən mühüm və unikal cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura heç bir zərər verilməməsi oldu. Azərbaycan dövləti həm döyüş meydanında, həm də ondan kənarda yüksək humanizm prinsiplərinə sadiq qaldığını, mülki insanları hər zaman hərbi hədəflərdən kənarda tutduğunu bütün dünyaya sübut etdi. Qısa müddətdə Qarabağda fəaliyyət göstərən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq tamamilə tərk-silah edildi. Ərazilərin separatçılardan və qanunsuz qüvvələrdən təmizlənməsi prosesi sürətlə başa çatdırıldı. Bununla da, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ölkənin bütün coğrafiyasında tam və qəti şəkildə bərpa olundu. Xankəndidə, Xocalıda, Ağdərədə və digər tarixi torpaqlarımızda Azərbaycan Bayrağının əbədi olaraq dalğalanması təmin edildi. Bu tarixi nailiyyət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər boyu böyük uzaqgörənliklə yürütdüyü diplomatik və hərbi strategiyanın ən böyük təntənəsidir. Həm beynəlxalq hüquq müstəvisində, həm də döyüş meydanında atılan hər bir addım dəmir məntiqlə hesablanmış və milli maraqlarımızın tam təmin olunmasına yönəlmişdi. Antiterror əməliyyatı Azərbaycan xalqının sarsılmaz birliyinin, dövlətinin qüdrətinin və ordusunun yenilməzliyinin əbədi rəmzinə çevrilib”, - deyə mərkəz sədri vurğulayıb.

Müxbir - Günel Türksoy

 

2026-09-19 17:08:00