


Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür
Bakı, 19 sentyabr, AZƏRTAC
Tarixi qəhrəmanlar yazır, onlar zamanın yaddaşında ən şərəfli və ən silinməz mövqedə qərarlaşırlar. Elə bir tarix yaranır ki, nə dünən, nə bu gün, nə də sabah heç bir zaman həmin qəhrəmanlıq səhnəsinin üzərindən keçə bilmir. Çünki böyük qəhrəmanlıq zamanın yaddaşına həkk olunanda tarix gələcək nəsillərə danışır. Tariximizin ən şərəfli qəhrəmanlıq səhifəsini isə Prezident İlham Əliyev Vətənin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yazdı.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu PHŞ-nin Bərk Cisim Mexanikası laboratoriyasının müdiri, mexanika üzrə fəlsəfə doktoru, dosent Emin Bağırov deyib.
O qeyd edib ki, 20 Sentyabr qəhrəmanlığı xalqın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün dövlət iradəsinin, milli qürurun və Vətən sevgisinin uca salnaməsi kimi qalacaq. Bu tarix artıq dünənin şanlı səhifəsi, gələcəyin yaddaşına əmanət edilmiş milli qürur abidəsidir.
"Hər şey ondan başladı ki, Azərbaycan dövləti düşmənin işğalı altında qalan torpaqların azadlığı naminə bir qərinə boyunca sülh yolunu üstün tutdu, barış əlini uzatdı, problemin danışıqlar yolu ilə həllinə çalışdı. Lakin bütün bunların fonunda düşmənin qeyri konstruktiv mövqeyi, ölkəmizə qarşı yeni ərazi iddiaları, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına yönəlmiş ciddi cəhdlər və böyük güclərin prosesə təsiri artıq Azərbaycanın səbir kasasını doldurdu.
Belə bir şəraitdə düşmənin hücumuna cavab olaraq 44 günlük Vətən müharibəsi başladı və Azərbaycanın tarixi Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Bu Qələbə işğal altında olan ərazilərin azadlığına gedən yolun əsas mərhələsini təşkil etdi. Aradan keçən müddətdə Azərbaycan ərazisində terrorçuluğun və etnik separatizmin yenidən qızışdırılmasına göz yummaq mümkün deyildi. Ölkəmiz öz ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoymaq və konstitusion quruluşu bərpa etmək üçün antiterror tədbirlərinə başladı. Cəmi 24 saat davam edən hərbi əməliyyat nəticəsində Azərbaycan bütün ərazisində suveren hüquqlarını tam bərpa etdi”,- deyə fəlsəfə doktoru xatırladıb.
E.Bağırovun sözlərinə görə, bu tarixi qələbələrin arxasında Ali Baş Komandanın iradəsi, xalqın həmrəyliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanırdı. Bu sarsılmaz iradəyə Prezident İlham Əliyev rəhbərlik edirdi. Qətiyyətli siyasi mövqe və dəqiq strateji xətt Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin edən tarixi yolun əsasını təşkil etdi. Vətən müharibəsində və birgünlük antiterror tədbirlərində bütün dünya Azərbaycanın hərbi qüdrətini, xalqımızın milli birliyini və ordumuzun qəhrəmanlığını gördü. Bu tarixi sınaqlar Azərbaycan dövlətinin öz milli maraqlarını qorumaq və ərazi bütövlüyünü təmin etmək əzmini bütün dünyaya nümayiş etdirdi.
"Xalqımızın birliyi, dövlətimizin siyasi iradəsi və ordumuzun döyüş ruhu Azərbaycanın qarşısında yeni tarixi səhifələr açdı. Bununla da üçrəngli Bayrağımız Xankəndidə və mənfur düşmənin terror və separatizm yuvasına çevirdiyi digər ərazilərimizdə dalğalandı. 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gün kimi yaddaşımıza həkk olundu. Bu tarix xalqımızın müstəqillik salnaməsində yeni mərhələnin başlanğıcı günü oldu. Çünki dövlətin müstəqilliyi onun bayrağının ucaldığı hər qarış torpaqda öz sözünü deməsi ilə tamamlanır",- deyə E.Bağırov bildirib.
O sonda qeyd edib ki, 20 Sentyabr Azərbaycan xalqının onilliklər boyu gözlədiyi tarixi ədalətin bərpa olunduğu gündür. Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi gələcəyə daha inamla addımlayır. Xankəndidə dalğalanan üçrəngli bayraq isə bu həqiqətin ən möhtəşəm rəmzidir.
20 Sentyabr təqvimimizdə milli bayram və Azərbaycanın öz taleyinə sahib çıxdığı, dövlət iradəsini bütün dünyaya nümayiş etdirdiyi şanlı gün kimi yaşayacaq. Bu günün adı müstəqillikdir, məzmunu suverenlik, mənası isə Azərbaycan dövlətinin əbədi bütövlüyüdür.
Bütövlüyümüz milli birliyimizin gücü və Müzəffər Ali Baş Komandanın qətiyyətli qərarları ilə təmin olundu. Bu Qələbə Azərbaycanın siyasi iradəsinin, dövlətçilik əzminin və milli həmrəyliyinin tarixi nəticəsidir. 20 Sentyabrın mahiyyəti də məhz bu siyasi reallıqda ifadəsini tapdı. Azərbaycan öz torpaqları, öz sərhədləri və öz gələcəyi ilə bağlı qərarı özü verdi. Bu tarix dövlətimizin gələcək yoluna işıq salan siyasi həqiqətdir.
Azərbaycan xalqının iradəsi ilə formalaşan bu həqiqət tarix yazan Liderimizin adı ilə əbədiləşib və heç vaxt dəyişməyəcək. Azərbaycan bütövdür, suverenliyimiz əbədidir!