


Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir
Qazax, 19 sentyabr, AZƏRTAC
Qazax rayonunun Quşçu Ayrım kəndində iyunun 20-də baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində evlərinin dam örtüyünə ziyan dəymiş sakinlərə dam örtüyü materiallarının verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, təbii fəlakət nəticəsində Quşçu Ayrım, Məzəm, Fərəhli, Çaylı, Alpout, Dəmirçilər və Daş Salahlı kəndlərində yaşayış evlərinin dam örtüklərinə, həyətyanı sahələrə və təsərrüfatlara ziyan dəymişdi. Hadisədən sonra ərazilərə baxış keçirilib, dəymiş ziyanın həcmi müəyyənləşdirilib.
Quşçu Ayrım kəndində zərərçəkən sakinlərə Fövqəladə Hallar Nazirliyi tərəfindən ayrılan dam örtüyü materiallarının paylanılmasına başlanılıb.
Müxbir -Ruslan Novruzoğlu