×
A
A
A
Sazlamalar

Milli Kitabxana “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim edib

Bakı, 19 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən və sentyabrın 30-dək davam edəcək Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsait hazırlanaraq onlayn rejimdə istifadəçilərin istifadəsinə təqdim edilib.
Milli Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, vəsaitdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin formalaşması və inkişafında mühüm rolu, çoxşaxəli yaradıcılıq irsi, ictimai-mədəni fəaliyyəti və milli musiqi məktəbinin inkişafına verdiyi töhfələr haqqında məlumatlar sistemləşdirilib.
Nəşrdə, həmçinin bəstəkarın irsinin kitabxanalarda təbliği və istifadəçilərə çatdırılması məqsədilə müxtəlif mədəni-maarif və kütləvi tədbirlərin təşkili üzrə metodik tövsiyələr təqdim edilib.
Metodik vəsaitdə Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Üzeyir Musiqi Günü”nün keçirilməsi haqqında Ümummilli Lider Heydər Əliyevin Fərmanı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə bağlı məlumatlar, dahi bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, eləcə də görkəmli şəxsiyyətlərin Üzeyir Hacıbəylinin şəxsiyyəti və yaradıcılığı haqqında söylədikləri fikirlər də yer alıb.

Mədəniyyət 2026-09-19 12:03:00