


Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabr ayının üçüncü şənbə günü Beynəlxalq Cərrahlar Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, günün təsis edilməsi təşəbbüsü 2014-cü ildə Beynəlxalq Cərrahlar Assosiasiyası (International Association of Surgeons) tərəfindən irəli sürülüb.
Cərrahiyyə tibbin kəskin və xroniki xəstəliklərin cərrahi müdaxilə yolu ilə müalicəsini öyrənən sahəsidir. Cərrahi üsul əməliyyat zamanı toxumaların kəsilməsi və birləşdirilməsini nəzərdə tutur. Ta qədim dövrlərdən məlum olan bu tibbi istiqamət tarixən inkişaf edib. Belə ki, hələ Neolit dövründə kəskin və xroniki xəstəliklərin müalicəsində cərrahi müdaxilədən istifadə ediblər. Arxeoloqların aşkarladığı tapıntılar qədim insanların kəllə trepanasiyası apardığını, qan aldırdığını, ətrafların sınıqlarını yerinə saldığını göstərir. Qədim yunan və Roma həkimləri qabırğaların rezeksiyasını aparır, çıxıqları yerinə salır, deşilmiş və kəsilmiş yaraları müalicə edir, ətrafları amputasiya edir, sidik kisəsindəki daşları xırdalayırdılar. Qədim Hindistanda isə plastik cərrahiyyə əməliyyatları eramızdan əvvəl təxminən 600 il əvvəl həyata keçirilib.
Cərrahiyyə XIX əsrdə aseptika, antiseptika, anesteziya və qan köçürülməsi kimi mühüm yeniliklərin tətbiqi ilə sürətlə inkişaf edib. Bu nailiyyətlər cərrahi əməliyyatların uğurlu nəticələnməsi şansını əhəmiyyətli dərəcədə artırıb. Hazırda cərrahiyyə daim inkişaf edən elmi biliklər və tibbi yardımın göstərilməsi üzrə praktiki üsulların çoxfunksiyalı sistemidir. Cərrahlara tibbin bir çox sahələrində ehtiyac olduğundan, cərrahiyyənin abdominal, torakal, damar, üz-çənə, plastik, endokrin, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, oftalmocərrahiyyə, transplantologiya və digər istiqamətləri mövcuddur.
Müasir texnologiyaların tətbiq olunduğu tibbi avadanlıqlar xəstənin orqanizminə minimal yük yaratmaqla cərrahi müdaxilələrin həyata keçirilməsinə imkan verir. Bununla belə, insan həyatına görə məsuliyyət həkimlərin üzərinə düşür və onların qəbul etdiyi qərarlar əməliyyatın uğurlu nəticələnməsində əsas rol oynayır.
Buna görə də cərrahiyyə daim inkişaf etməyi tələb edən ən mürəkkəb və məsuliyyətli peşələrdən biridir. Peşəkar cərrah yalnız müvafiq bilik və bacarıqlara malik olmamalı, həmçinin komandada işləməyi, təmkinli olmağı və kritik vəziyyətlərdə tez və düzgün qərarlar qəbul etməyi bacarmalıdır.
Məhz belə mütəxəssislər Beynəlxalq Cərrahlar Günündə xüsusi ehtiramla yad edilir. Bu gün cərrahların ağır əməyinə və xilas etdikləri insan həyatlarına görə onlara bir daha minnətdarlıq ifadə etmək üçün fürsət yaradır. Bir çox hallarda bu peşə bayramı münasibətilə seminarlar, konfranslar, simpoziumlar və digər peşəkar tədbirlər keçirilir. Bu tədbirlərdə mütəxəssislər həmkarları ilə fikir mübadiləsi aparır, bilik və təcrübələrini bölüşürlər. Bu gün rəsmi olaraq təsis edilməsə də, hər il daha geniş tanınır.