


Bülbülün Memorial Muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Bülbülün Memorial Muzeyində Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Bülbülün ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyasının nümayişi ilə başlayıb.
Proqramda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından Asyanın ariyası, Fikrət Əmirovun “Ekspromt №1” əsəri, Tofiq Quliyevin “Rəqs” və “Qaytağı” əsərləri, həmçinin Azərbaycan xalq mahnıları səsləndirilib.
Tədbirdə Şövkət Ələkbərova adına 20 saylı 11 illik musiqi məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin və 8 nömrəli tam orta məktəbin şagirdləri və “Baharın ilk səsi” kollektivinin xoru iştirak edib.
Milli Musiqi Günü “Arazbarı” və “Qarabağ şikəstəsi” ifaları ilə yekunlaşıb.