×
A
A
A
Sazlamalar

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

Bakı, 19 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirlərdə Dahi Rəhbər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edənlər bildiriblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrik rəhbərliyi, yüksək sərkərdəlik məharəti, parlaq diplomatik istedadı və rəşadətli Azərbaycan Ordusunun misilsiz sücaəti sayəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, dövlətimizin suverenliyi Azərbaycan xalqının şanlı qəhrəmanlıq mübarizəsi nəticəsində təmin edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.
Tədbirlərin sonunda Dövlət Suverenliyi Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Cəmiyyət 2026-09-19 11:41:00