×
A
A
A
Sazlamalar

Rəqəmsal dövrdə uşaqların mütaliə problemi və süni intellektin təsirləri: çıxış yolu nədir?

Bakı, 18 sentyabr, AZƏRTAC

Müasir dövrdə uşaqlar arasında oxu və yazı vərdişlərinin zəifləməsi ciddi problemlərdən birinə çevrilib. Smartfonların və rəqəmsal cihazların geniş yayılması, eləcə də uşaqların kitablardan daha çox rəqəmsal resurslara yönəlməsi onların mütaliəyə olan həvəsini azaldır. Bu məsələdə problem təkcə dərsliklərdə və ya kitabların məzmununda deyil, uşaqların dəyişən dünyagörüşündə və rəqəmsal mühitdə formalaşmasında özünü göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. O bildirib ki, bəzən valideynlər övladlarına kitab seçimində istiqamət verməkdə çətinlik çəkirlər, çünki uşaqlar öz maraq dairələrinə uyğun ədəbiyyata daha çox meyil göstərirlər: “Ailə mühiti uşağın mütaliə vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Evdə hansı mövzuda elmi söhbətlər və müzakirələr gedirsə, uşaq da həmin istiqamətə yönəlir. Biz gənc nəslin qarşısında öhdəliklərimizi dərk etməli və onları ilk gündən doğru istiqamətləndirməliyik. Uşağın fantastika, macəra, heyvanlar aləmi, idman və ya yumora marağı varsa, bu sahələr üzrə mütaliəsini təşviq etməklə yanaşı, ona gələcəkdə faydalı ola biləcək istiqamətləri də aşılamalıyıq. Hər uşağa eyni kitabı məcburi oxutmaq fayda vermir, əksinə, bəzi hallarda mənfi nəticələr doğurur”.
Ekspert vurğulayıb ki, uşaqların düşünmə qabiliyyətinin və mütaliə həvəsinin formalaşmasında süni intellekt texnologiyalarının da rolu böyükdür. Erkən yaşlardan süni intellektə müraciət edən uşaqlar hazır informasiya almağa vərdiş edirlər ki, bu da onların müstəqil düşünmə imkanlarını məhdudlaşdırır və milli-mənəvi dəyərlərdən uzaqlaşma riskini yaradır.
“Təəssüf ki, bu gün təkcə uşaqların deyil, böyüklərin də süni intellektdən doğru istifadə qaydaları barədə maariflənməsi kifayət qədər deyil. Süni intellekt bəzən yanlış və ya təhrif olunmuş məlumatlar təqdim edir. Bunun qarşısını almaq üçün süni intellekt bazasını öz milli və mədəni seqmentimizə uyğun formalaşdırmalı, məzmunlu və doğru məlumatlar toplusu yaratmalıyıq. Ailələr və mütəxəssislər uşaqların texnologiyadan düzgün yararlanmasını təmin etməli, gələcək nəsillərin dezinformasiyadan qorunması üçün indidən lazımi addımlar atmalıdırlar”, - deyə Məzahir Məmmədli əlavə edib.

Elm və təhsil 2026-09-18 12:29:00