


XXI əsrin müəllimi dövrün tələblərinə uyğunlaşmalı və müasir texnologiyaları bilməlidir - ekspert
Bakı, 18 sentyabr, AZƏRTAC
XXI əsrin müəllimi yalnız fənnini tədris edən deyil, şagirdlərin tərbiyəsi, dünyagörüşünün formalaşması və cəmiyyətə hazırlanmasında mühüm rol oynayan şəxsiyyət olmalıdır. Müasir dövrdə müəllim öz ixtisasını yaxşı bilməklə yanaşı, rəqəmsallaşma, süni intellekt və yüksək texnologiyalar sahəsində də bilik və bacarıqlara malik olmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, müəllim yalnız sinfə daxil olaraq dərsini tədris edib çıxan şəxs deyil, şagirdin təhsili ilə yanaşı, tərbiyəsi ilə də məşğul olan, onu cəmiyyətə hazırlayan və istiqamətləndirən bir şəxsiyyətdir.
“XXI əsrin müəllimi dövrün tələblərini bilməli və bu tələblərə uyğun olaraq özünü daim inkişaf etdirməlidir. Bu gün rəqəmsallaşma, süni intellekt, kompüter və yüksək texnologiyalar həyatın bütün sahələrinə, o cümlədən təhsil prosesinə ciddi şəkildə təsir göstərir. Buna görə də müəllim müasir texnologiyalardan istifadə bacarığına yiyələnməli, şagirdlərin malik olduğu texnoloji bilikləri nəzərə almalıdır. Müasir şagird elektron cihazlar və rəqəmsal resurslar vasitəsilə böyük həcmdə məlumat əldə edə bilir. Belə bir şəraitdə müəllimin ənənəvi əyani vəsaitlərlə kifayətlənməsi deyil, dövrün tələbinə uyğun müasir tədris vasitələrindən istifadə etməsi vacibdir. Bu gün təhsil sistemində şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi, imtahanlar, qiymətləndirmə və digər proseslər rəqəmsal formada həyata keçirilir. Bu səbəbdən müəllim rəqəmsal imkanlardan istifadə etməyi bacarmalı və şagirdlərin qarşılaşdığı müasir texnoloji məsələlərə cavab verə bilməlidir”, - deyə Ramin Nurəliyev qeyd edib.
Ekspert əlavə edib ki, müəllimin əsas vəzifələrindən biri gələcək nəslin formalaşmasına töhfə verməkdir. Alim, mühəndis, mühasib və digər peşə sahiblərinin yetişməsində müəllimin əvəzsiz xidmətləri var. Müəllim cəmiyyəti formalaşdıran, gənc nəslin yetişməsində və onun cəmiyyətə uyğunlaşmasında mühüm rol oynayan şəxsiyyətdir. Müəllim öz ixtisasını dərindən bilməklə yanaşı, dövrün tələb etdiyi müasir bilik və bacarıqlara da yiyələndikdə şagirdləri daha düzgün istiqamətləndirə və onların gələcəyə hazırlanmasına daha böyük töhfə verə bilər.