


“Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi işıq üzü görüb
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsində hazırlanan dördcildlik “Qərbi Azərbaycan toponimləri lüğəti”nin ikinci cildi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə Qərbi Azərbaycan ərazisinin qədim toponimləri sistemli şəkildə toplanaraq elmi-linqvistik baxımdan araşdırılıb.
Lüğətin ikinci cildində Qərbi Azərbaycanın Qafan, Paşalı, Çəmbərək, İrəvan, Uluxanlı, Sarıtorpaq, Meğri, Vedi, Keşişkənd ərazilərinin toponimləri əhatə olunub. “Qərbi Azərbaycan toponimləri lüğəti”nin hazırlanmasında Azərbaycan toponimik irsinin toplanması, qorunması və elmi dövriyyəyə daxil edilməsi məqsədi əsas götürülüb. Nəşrdə yer alan toponimik materiallar həmin ərazilərin tarixi-coğrafi və dil mənzərəsinin öyrənilməsi baxımından mühüm mənbə kimi təqdim edilir.
Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovdur. Ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovdur. Nəşrin rəyçiləri filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru, professor İbrahim Bayramov və filologiya elmləri doktoru İlhami Cəfərsoydur.
Dördcildlik nəşrin qarşıdakı cildlərində Qərbi Azərbaycanın digər regionlarının toponimləri də əhatə olunacaq.
“Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi dilçilik, toponimika, tarix və coğrafiya üzrə tədqiqat aparan mütəxəssislər, ali məktəb müəllimləri, tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.