


İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO
İmişli, 18 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə İmişli rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə təşkil olunub.
Sonra kompleks mülki müdafiə təliminə start verilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, Fövqəladə Hallar Komissiyasının və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi təmin edilib.
Kompleks mülki müdafiə təliminə 196 nəfərdən ibarət şəxsi heyət və 42 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Müxbir-Aydın Yavərzadə