


AMEA-da keçirilən islahatlar elmi fəaliyyətin strukturunda və məzmununda keyfiyyət dəyişiklikləri yaradıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatların nəticələri haqqında müzakirələr aparılıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində 2026-cı ilin birinci yarısında aparılmış elmi-tədqiqat işlərinin, həmçinin elmi-təşkilati fəaliyyətin yekunlarına dair yarımillik hesabatların müzakirəsi keçirilib. Elmi müəssisə və təşkilatların hesabat iclaslarında AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları da iştirak ediblər. Hesabat iclaslarının nəticələrinə dair AMEA-nın müvafiq elmi bölmələrində müzakirələr aparılıb, qərarlar qəbul olunub, növbəti yarımillik fəaliyyət üçün elmi müəssisə və təşkilatlara tövsiyə və tapşırıqlar verilib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinin nəticələrinə dair “İslahatların keyfiyyət dəyişikliklərinə keçidi: institusional yenilənmə, elmi məzmun, beynəlxalq görünürlük” mövzusunda hesabatı təqdim edib.
O qeyd edib ki, 2026-cı ilin birinci yarısının nəticələrində əsas diqqət ayrı-ayrı kəmiyyət göstəricilərinin mexaniki artımına deyil, AMEA-da aparılan islahatların elmi fəaliyyətin məzmununda yaratdığı keyfiyyət dəyişikliklərinə yönəldilməlidir. Sərxan Xavəri diqqətə çatdırıb ki, hesabat dövründə 1011 məqalə (367-si xaricdə), 594 tezis, konfrans materialı, 107 kitab, 73 monoqrafiya çap olunub, 90 beynəlxalq tədbir keçirilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2026-cı ilin ilk altı ayında “Web of Science” və “Scopus” bazalarında indekslənən məqalələrin sayı artaraq 47-yə yüksəlib.
Müəssisələr üzrə statistik göstəriciləri təqdim edən filologiya elmləri doktoru Sərxan Xavəri bildirib ki, elmi müəssisələrin fəaliyyət profilləri əhəmiyyətli dərəcədə fərqlənir - bir müəssisə monoqrafik tədqiqatlarda, digəri məqalə nəşrində, başqa biri beynəlxalq indeksli nəşrlərdə, digəri isə elmi kadr hazırlığında daha yüksək fəallıq göstərir. Onun sözlərinə görə, elmi fəaliyyətin qiymətləndirilməsində kəmiyyət göstəricilərindən keyfiyyət, beynəlxalq görünürlük və elmi təsir göstəricilərinə keçidin gücləndirilməsi zəruridir.
Şöbə müdiri vurğulayıb ki, 2026-cı ilin birinci yarısının nəticələri AMEA-da son illərdə həyata keçirilən islahatların elmi fəaliyyətin strukturunda və məzmununda tədricən keyfiyyət dəyişiklikləri yaratdığını göstərir. AMEA-nın 4 illik fəaliyyəti nəticəsində cəmiyyətdə humanitar diskurs mühüm paradiqmalardan birinə çevrilib, dövlət siyasətinin formalaşmasında və ideoloji diskursun normativləşməsində mühüm rola malik olub.
Alim, həmçinin çıxışında “WoS”/”Scopus” nəşrlərinin genişləndirilməsi, beynəlxalq elmi görünürlüyün artırılması, elmmetrik qiymətləndirmənin gücləndirilməsi, uğurlu təcrübənin öyrənilməsi və zəif göstəricilərin ayrıca təhlili kimi təkliflərini səsləndirib.
Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair hesabatların nəticələri təsdiq olunub və müvafiq tapşırıqlar verilib.