


Sarıyoxuş 4 nömrəli kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada
Bakı, 18 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Ağstafa rayonu) ərazisində tədqiq edilmiş 3600 illik kurqan beynəlxalq elmi-populyar medianın diqqətini cəlb edib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən Qoruğun ərazisindəki Sarıyoxuş 4 nömrəli kurqanda aşkar edilmiş mühüm elmi nəticələr beynəlxalq elmi-populyar media və tarix-arxeologiya platformalarında geniş maraq doğurub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Orta Tunc dövrünün sonu - Son Tunc dövrünün ilkin mərhələsinə aid kurqanda aşkar edilmiş nadir diorit toppuz başlığı, tunc xəncər, obsidian və çaxmaqdaşından hazırlanmış ox ucluqları, keramika nümunələri və digər arxeoloji materiallar qısa müddət ərzində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir sıra nüfuzlu elmi-populyar və xəbər platformalarının diqqətini cəlb edib. Tədqiqatın nəticələri “Popular Archaeology”, “Archaeology News”, “Arkeonews, Ancient Origins”, “BIC News”, “AllaboutHistory” və “Ukraynanın NV Техно” nəşrlərində müxtəlif dillərdə geniş şəkildə təqdim olunub.
Beynəlxalq arxeologiya və tarix platformaları, o cümlədən “Popular Archaeology”, “Archaeology News Online Magazine”, “Arkeonews”, “Ancient Origins”, “BIC News”, Cənubi Koreyanın “AllaboutHistory” və Ukraynanın “NV Техно” nəşrləri Keşikçidağdakı 3600 illik Sarıyoxuş kurqanında aparılan tədqiqat və burada yüksəkrütbəli döyüşçüyə aid nadir diorit toppuz başlığının aşkarlanması barədə geniş materiallar yayıblar. Xəbərlərin müxtəlif dillərdə və fərqli beynəlxalq media platformalarında işıqlandırılması Azərbaycan arxeoloqlarının əldə etdiyi nəticələrə qlobal marağın göstəricisi olub.