×
A
A
A
Sazlamalar

İsmayıl İman: Tamaşanın hər epizodunda Maqsud İbrahimbəyovun tanınan obrazını qorumağa çalışdım

Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun əsərləri əsasında immersiv tamaşa hazırlanıb. Səhnələşdirmə müəllifi İsmayıl İman dramaturqun müxtəlif əsərlərindən parçaları və obrazları bir araya gətirərək hər epizodda onun yaradıcılıq dünyasını əks etdirməyə çalışıb.
İsmayıl İman AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, tamaşanın əsasını Maqsud İbrahimbəyovun “Truskavetsə kim gedəcək?”, “Ondan yaxşı qardaş yox idi”, “Bayquş gəldi”, “Qoy o bizimlə qalsın”, “Gözəl bir gün” və digər əsərlərindən parçalar və elementlər təşkil edib. Tamaşa yazıçının əsərlərinin qəhrəmanlarının məskunlaşdığı evdə özünəməxsus səyahətdir.
“Bunun üçün materialı sadəcə yaxşı araşdırmaq lazımdır. Mənim vəziyyətimdə isə bu, materialın yenidən mənimsənilməsi idi, çünki mən bu qəhrəmanları uşaqlıqdan tanıyıram. Təxminən iki həftə Maqsud İbrahimbəyovun yaradıcılıq dünyasına daxil olub əsərlərini yenidən oxudum”,- deyə o bildirib.
Səhnələşdirmə müəllifi iş prosesində bir-biri ilə uzlaşan maraqlı epizodları seçdiyini və vahid süjet xətti yaradan obrazları müəyyənləşdirdiyini bildirib: “Mümkün qədər çox fraqment toplayıb onları vahid xətt üzrə inkişaf etdirmək istəyirdim ki, hər epizodda Maqsud İbrahimbəyov yaradıcılığı hiss olunsun. Əsas məqsədim bu idi və zənnimcə, buna nail ola bildik”.
Tamaşada vahid süjet xətti ilə bağlı suala cavab verən İ.İman bildirib ki, hadisələr Pakizə adlı pişiyin itməsi ətrafında cərəyan edir. Bu obraz Maqsud İbrahimbəyovun əsərlərində dəfələrlə yer alır və həmçinin onun öz uşaqlıq xatirələri ilə bağlıdır.
“Pakizə adlı pişik bir çox hekayədə görünür. Buna görə də mən dərhal bu obraza diqqət yetirdim və onu bu kompozisiyada inkişaf etdirmək istəyirdim”, – deyə o əlavə edib.
İ.İman tamaşanın immersiv formatının seçilməsi barədə də danışıb. Onun sözlərinə görə, tamaşa əvvəlcədən İçərişəhərdə yerləşən tarixi binada fəaliyyət göstərən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin məkanı üçün nəzərdə tutulmuşdu: “Çünki tamaşa məhz bu məkan üçün, müəllifin həyat və yaradıcılığı ilə ayrılmaz şəkildə bağlı olan ev haqqında düşünülüb. İstəyirdik ki, məhz bu evin ruhunu tamaşada canlandıraq”.

Müxbir – Lalə Minasazova
Foto – Xanlar Əlizadə

Mədəniyyət 2026-09-18 12:02:00