×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 54 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
2.1. bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin;
2.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 54 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 121 (Cild I) ləğv edilsin.

4. Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir. 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 17 ” “ sentyabr ” 2026-cı il

№ 301

Qərarlar 2026-09-17 12:15:00