×
A
A
A
Sazlamalar

“Neftçi”nin Azərbaycan çempionatlarındakı ən yaxşı bombardiri Samir Ələkbərovdur

Bakı, 17 sentyabr, AZƏRTAC
“Neftçi”nin Azərbaycan çempionatlarındakı ən yaxşı bombardiri Samir Ələkbərovdur.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, komandanın çempionat tarixindəki 999 matçlıq xronikasında böyük üstünlüyə malik olan sabiq hücumçu rəqib qapılarına bütövlükdə 99 dəfə yol tapıb. “Neftçi” Qəbələdəki oyunda çempionat matçlarının sayını 1000-ə çatdırsa da, onun ən yaxşı bombardiri karyerasını bitirdiyi üçün qol sayını 99-dan 100-ə yüksəldə bilməyib.
200-dən çox futbolçunun qol vurduğu “Neftçi”nin çempionatdakı ikinci ən yaxşı bombardiri Qurban Qurbanovdur. Uzun illərdir “ağ-qaralar”ın əsas rəqibi “Qarabağ”ın baş məşqçisi olan sabiq qoleador 66 dəfə rəqiblərinin, o cümlədən indiki komandasının da qapısına yol tapıb. “Neftçi”nin ilk qolunun müəllifi olan Yunis Hüseynov isə bu siyahıda hələlik 3-cüdür. Amma 58 qola malik futbol veteranı Emin Mahmudovun “nəfəsini hiss edir”. İndiki kapitan keçmiş kapitandan 2 top geridədir.

 

İdman 2026-09-17 12:00:00