


Livanın cənubundakı partlayışların mümkün geoloji fəsadları barədə xəbərdarlıq edilib
Qahirə, 17 sentyabr, AZƏRTAC
İsrailin Livanın cənubunda həyata keçirdiyi genişmiqyaslı partlayışların mümkün geoloji fəsadları ilə bağlı xəbərdarlıq olunub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Livanın Milli Geofizika Mərkəzinin məlumatlarına əsasən, Əli əl-Tahir təpəsinin təxminən 1100 ton partlayıcı maddə ilə partladılması nəticəsində Rixter şkalası üzrə 4,2 bal gücünə yaxın titrəyişlər baş verib.
Ölkənin ekologiya naziri Tamara əl-Zeynin sözlərinə görə, partlayışın həyata keçirildiyi ərazi seysmik qırılma xətlərinə yaxın məsafədə yerləşir. O, partlayışın miqyasını və ərazinin yerləşmə xüsusiyyətlərini nəzərə alaraq əlavə yeraltı təkanların baş verməsi ilə bağlı narahatlıqların olduğunu qeyd edib.
Xatırladaq ki, İsrail Livanın cənubundakı Əli əl-Tahir təpəsində Hizbullaha məxsus olduğu deyilən yeraltı bunkerlərdə partlayışlar həyata keçirir. Əməliyyatlarda ağır bombalardan istifadə edildiyi bildirilir.