


Çətin yolun sonunda möhtəşəm mənzərə - Qoçyataq şəlaləsi VİDEO
Qax, 17 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qoçyataq şəlaləsi.
Bu dəfə yolumuzu Qaxın dağlarında gizlənən Qoçyataq şəlaləsinə salırıq. Azərbaycanın bolsulu şəlalələrindən olan Qoçyataq təbiətin qoynunda yerləşir.
Şəlalə İlisu kəndindən 9 kilometr şərqdə, Hamamçay çayının üzərində yerləşir. Hündürlüyü müxtəlif mənbələrə görə təxminən 35-50 metrdir. Qoçyataq yaxınlıqda yerləşən dağın adıdır və şəlalə də adını həmin dağdan götürüb.
Şəlaləyə gedib çatmaq kifayət qədər çətindir. İlisu kəndindən bu istiqamətdə təxminən 5 kilometr məsafəni avtomobillə qət etmək mümkündür. Bundan sonra bizi dağ çayı, iri qayalar və çətin keçilən ərazilər gözləyir. “UAZ”la çayın içindən və qayaların üzərindən keçərək irəliləyirik. Daha sonra yolumuzu piyada davam etdiririk.
Marşrut boyunca dağlardan axan xırda şəlalələr, buz kimi soyuq bulaqlar və çaya qarışan termal sularla qarşılaşırıq. Hamam dərəsindən keçib dağlara doğru irəlilədikcə mənzərə daha da gözəlləşir. Bir tərəfdə uca qayalar, digər tərəfdə sıx meşə, aşağıda isə gurultu ilə axan dağ çayı...
Uzun və çətin yürüşdən sonra uzaqdan suyun şırıltısı eşidilir. Bu, axtardığımız Qoçyataq şəlaləsinin səsidir.
Yüksəklikdən aşağı tökülən su qayalara çırpılaraq ətrafa səpələnir. Şəlalənin ətrafında yaranan sərinlik isə yay istisini bir anda unutdurur.
Qoçyatağa gedən yol asan deyil. Lakin bu çətin marşrutun sonunda qarşılaşdığımız mənzərə bütün yorğunluğu unutdurur. Təbiətin sakitliyini, dağların əzəmətini və şəlalənin möhtəşəmliyini bir arada hiss etmək istəyənlər üçün Qoçyataq unudulmaz ünvanlardan biridir.
Müxbir - Rəşad Türkoğlu