×
A
A
A
Sazlamalar

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib

İstanbul, 16 sentyabr, AZƏRTAC

Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 108-ci ildönümü münasibətilə ordu komandanı Nuru Paşa Türkiyənin İstanbul şəhərində yad olunub.
AZƏRTAC xəbər verir ki, İstanbul-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) ilə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşəbbüsü ilə Nurun Paşanın dəfn edildiyi məzarlıqda təşkil olunan anım tədbirində ölkəmizin İstanbuldakı baş konsulu Zamin Əliyev, Ənvər Paşanın qardaşı oğlu Enis Buldanlıoğlu, Çekmeköy Bələdiyyəsinin sədr müavini Vefa Budak, TADEF-in sədr müavini Pərviz Məmmədzadə, çox sayda qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri və digərləri iştirak ediblər.
Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə İSTAD-ın rəhbəri və TADEF-in mətbuat katibi Səfər Qaraqoyunlu, Baş konsul Zamin Əliyev, TADEF-in sədr müavini Pərviz Məmmədzadə və digərləri çıxış ediblər.
Natiqlər Qafqaz İslam Ordusunun Bakıya gəlişinin və şəhərin işğaldan azad edilməsinin Türk dünyasının tarixi baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər.
Qeyd edilib ki, Nuru Paşa ən çətin günlərdə Azərbaycanın yanında olub. O, yalnız hərbi komandan kimi deyil, iki ölkə arasındakı qardaşlığın tarixi rəmzlərindən biri kimi xatirələrə həkk olunub və daima Azərbaycan xalqı tərəfindən minnətdarlıqla yad edilir.
Mərasimdə Azərbaycanın müstəqillik mübarizəsi, 44 günlük Vətən müharibəsinə gedən yol və tarixi Zəfərdən bəhs edilib. Bu Qələbənin Azərbaycan və Türk dünyası üçün tarixi əhəmiyyətinə toxunulub.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamınını vurğulayaraq, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq bağlarına xüsusi diqqət çəkiblər.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Cəmiyyət 2026-09-16 12:22:00