


Rektor: Türkiyə-Azərbaycan Universiteti elm və texnologiya mərkəzinə çevriləcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Türkiyə-Azərbaycan Universiteti (TAU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2024-cü ildə təsis edilib. Bu ali təhsil müəssisəsi iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlığın yeni strateji mərhələyə keçməsinin bariz təzahürüdür. Universitet əsrlərə söykənən tarixi qardaşlığın, qarşılıqlı etimadın və ortaq gələcəyə baxışın təhsil sahəsindəki təcəssümüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri TAU-nun rektoru Nəcibə Nəsibova Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxışında bildirib. Rektor vurğulayıb ki, iki dövlət başçısının təşəbbüsü ilə yaradılan bu universitet Azərbaycan gənclərinə geniş imkanlar açır: "Gənclərimiz ölkə xaricinə getmədən, öz Vətənimizdə Türkiyənin Orta Doğu Texnik Universiteti (ODTÜ), İstanbul Texnik Universiteti (İTÜ) və Hacettepe Universiteti kimi nüfuzlu ali məktəblərinin professor-müəllim heyətindən dərs almaq imkanı əldə edirlər. Onların modern elmi mühitdə yetişməsi üçün bütün yollar açıqdır. Bu, gənclərimiz üçün dəyərli bir fürsətdir və onların yüksəkixtisaslı mühəndislər kimi yetişməsi üzərimizə böyük məsuliyyət qoyur".
Nəcibə Nəsibova TAU-nun perspektivlərinə toxunaraq qeyd edib ki, universitet bu gün yalnız kadrlar və mühəndislər hazırlayan bir təhsil müəssisəsi kimi görünə bilər, lakin zaman keçdikcə Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrindəki əməkdaşlığını daha da dərinləşdirən mühüm bir mərkəzə çevriləcək.
"Universitetimizin əsas məqsədi yalnız ixtisaslı kadr hazırlamaq deyil, eyni zamanda, ölkəmizin gələcəyini formalaşdıracaq güclü insan kapitalı yaratmaq və cəmiyyətə faydalı vətəndaşlar yetişdirməkdir. Bu yolda bütün tələbələrimizə uğurlar arzulayıram", -deyə rektor bildirib.