


AK Parti sədrinin müavini: Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının qardaşlığını daha da inkişaf etdirəcəyik
Bakı, 16 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında artıq əməkdaşlıq haqqında saziş mövcuddur. Biz hər il Şuşada keçirilən mühüm toplantıda ən yüksək səviyyədə təmsil olunuruq. Lakin hesab edirik ki, hazırda partiyalarımız arasındakı münasibətləri daha da inkişaf etdirməliyik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu söyləyib.
Onun sözlərinə görə, Türkiyə yaxın zamanda Türk Dünyası I Siyasət Forumuna ev sahibliyi etməyi planlaşdırır.
“Ümid edirəm ki, bu forumun ardınca II forumu da Azərbaycanda, Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə keçirəcəyik. Çünki partiyalararası əməkdaşlıq çərçivəsində akademiklərin və bu sahə üzrə politoloqların Türk dünyasının məsələlərini müzakirə etməsi siyasətçilərə, dövlət başçılarına, parlament üzvlərinə və digər dövlət qurumlarına təqdim ediləcək hesabat və təkliflərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Biz bu istiqamətdə əməkdaşlığımızı daha da genişləndirəcək, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının qardaşlığını daha da inkişaf etdirəcəyik",- deyə K. Zorlu əlavə edib.