


Aİ: Bu il üzv ölkələrdə meşə yanğınları nəticəsində təxminən 700 min hektar ərazi yanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Komissiyasının bərabərlik, hazırlıq və böhranların idarə edilməsi üzrə komissarı Hadja Lahbib bildirib ki, üzv ölkələrdə meşə yanğınları nəticəsində indiyədək təxminən 700 min hektar ərazi yanıb.
AZƏRTAC xəbər verir, ki, H.Lahbib bu barədə Strasburqda Avropada meşə yanğınlarına dair Avropa Parlamentinin plenar iclasında çıxış edib.
2026-cı ilin Avropa üçün yenidən son dərəcə çətin yay olduğunu vurğulayan komissar bildirib ki, iqlim dəyişməsinin getdikcə artan təsiri ilə şiddətlənən yüksək temperatur riski və quraqlıq Avropanın və onun hüdudlarından kənarda bir çox bölgədə meşə yanğınları riskini artırır.
O, bu vəziyyətin vətəndaşların sağlamlığı və rifahı ilə yanaşı, biznes və kənd təsərrüfatına da ciddi ziyan vurduğuna diqqət çəkib: “Bu ilin ötən dövrü ərzində təxminən 700 min hektar ərazi yanıb. 16 üzv ölkədə yanan ərazilərin milli orta göstəricidən yüksək olduğu qeydə alınıb. İqlimlə əlaqədar kənd təsərrüfatı itkilərinin Aİ-də illik təxminən 28,3 milyard avro olduğu təxmin edilir. Bu da kənd təsərrüfatının ən çox təzyiq altında olan sektorlardan biri olduğunu göstərir".
Aİ Komissiyasının bu cür ssenarilərin qarşısını almaq üçün əlindən gələni etdiyini qeyd edən komissar mövcud iqlim şəraitində ekstremal hava hadisələri ilə mübarizənin ən yaxşı yolunun onların qarşısını almaq və hazırlıqlı olmaq olduğunu vurğulayıb.
H.Lahbib müdaxilənin isə son müdafiə xətti olaraq qalmalı olduğunu bildirərək deyib: “Buna görə də Komissiya yaxın vaxtlarda iqlim dayanıqlılığı ilə bağlı inteqrasiya olunmuş çərçivəni təqdim edəcək. Mesaj çox aydındır: bütün siyasət sahələri və bütün aktorlar Avropa həmrəyliyi çərçivəsində koordinasiya və əməkdaşlıq şəraitində birlikdə çalışmalıdır”.
“Dərs çıxarmalıyıq”
Aİ Şurasının dövrü sədrliyini həyata keçirən İrlandiyanın Avropa məsələləri və müdafiə üzrə dövlət naziri Tomas Birn Aİ Şurası adından çıxış edərək deyib: “Ötən yay od və suyun gücü dünyaya böyük fəlakətlər yaşatdı. Bu yay qitəmizdə indiyədək ən isti yay oldu və Avropanın hər yerində temperatur rekordları qırıldı”.
İsti hava dalğalarının və daşqınların təkrar-təkrar baş verməsinin dəhşətli nəticələrə səbəb olduğuna diqqət çəkən T.Birn uzunmüddətli quraqlıqların dərhal ardından daşqınların baş verdiyini, insanların həyatını itirdiyini xatırladıb.
Evlərin və təbii ərazilərin məhv olduğunu bildirən nazir iqtisadiyyatın da ağır zərər gördüyünü vurğulayıb: “Bu hadisələrdən və son bir neçə ildə yaşananlardan dərs çıxarmalıyıq. Qlobal istiləşməni azaltmaq üçün əlimizdən gələni etməli və səylərimizi artırmalıyıq. Bu cür fövqəladə halların öhdəsindən gəlmək üçün gördüyümüz işləri artırmalı və onlara hazır olmalıyıq. Aİ-nin qarşılaşdığı dəyişikliklərə dayanıqlılığını inkişaf etdirmək məqsədilə Komissiyanın tövsiyələrini gözləyirik”.
Müxbir - Göyçək Mahmudlu