×
A
A
A
Sazlamalar

Məcnun Məmmədov: Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksək ixtisaslı kadrlara böyük ehtiyac var

Gəncə, 15 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyev aqrar sektora çox böyük diqqət və qayğı göstərir. Dövlətimiz kənd təsərrüfatına yalnız iqtisadiyyatın mühüm sahələrindən biri kimi deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionların inkişafı, məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan bir sektor kimi yanaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADAU-da Bilik Günü ilə bağlı keçirilən tədbirdə tələbələr qarşısında çıxışı zamanı söyləyib.
O deyib: “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” məhz bu strateji yanaşmanın növbəti mərhələsidir. Dövlət Proqramı qarşımıza insan kapitalının inkişafı, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması, elmin və innovasiyaların gücləndirilməsi kimi mühüm vəzifələr qoyur. Lakin gəlin, bir şeyi unutmayaq: heç bir Dövlət Proqramı öz-özünə uğur qazanmır. Onu uğura çevirən insanlardır. Onu uğura çevirən alimdir, mühəndisdir, sahibkardır və ilk növbədə, gənclərdir. Məhz buna görə qarşıdakı dövrdə üzərimizə düşən vəzifələr daha böyükdür”.
“Biz daha səmərəli işləməli, müasir yanaşmaları tətbiq etməli, elmi və texnoloji imkanlardan daha geniş istifadə etməliyik. Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksək ixtisaslı, çevik düşünən və yeniliklərə açıq kadrlara böyük ehtiyac var”, - deyə o əlavə edib.

Müxbir – Elcan Məmmədov

 

Regionlar 2026-09-15 12:27:00