×
A
A
A
Sazlamalar

“Pullu komediya” tamaşasının məşqləri davam edir

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında Xanım Aydının işləməsində hazırlanan “Pullu komediya” adlı tamaşanın məşqləri davam edir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, oktyabrda premyerası nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, rejissor assistenti Nəsibə Canəliyevadır.
Tamaşada Əməkdar artistlər Kəmalə Müzəffər, Mehriban Abdullayeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Sənan Kazımlı, İlhan Sadıqov, Mətləb Abuşov, Venera Abbasova iştirak edirlər.
Hadisələr Bakıda sabun fabriki sahibinin ətrafında cərəyan edir. Dinamik əhvalatlarla başlanan səhnə əsərindəki kiçik situasiyalar ardıcıl dəyişərək tamaşaçıda müsbət emosiyalar yaradır. Evlənmək və çoxlu pul qazanmaq istəyində olan Mənfəətin qarşılaşdığı tale oyunları təkcə onun yox, digər qəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Nəticədə isə məhəbbət qalib gəlir.

Mədəniyyət 2026-09-15 12:13:00