×
A
A
A
Sazlamalar

Pakistanlı alim: Tarazlıq və mötədillik İslamın gözəlliyidir

Bakı, 15 sentyabr, AZƏRTAC

Tarazlıq və mötədillik İslamın gözəlliyidir. Bu, Seyid Yəhya Bakuvi kimi sufilərin də öyrətdiyi dəyərdir. Qloballaşma və rəqəmsallaşma dövründə cəmiyyətimizi və dəyərlərimizi qorumaq yalnız sufi ənənəsinin tarazlıq mesajı vasitəsilə mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu Pakistan Müsəlman İnstitutunun Proqramlar üzrə rəhbəri və sufi tədqiqatçısı Sultan Muhəmməd Bahadar Əziz Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfransın ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan çox zəngin tarixə, mədəniyyətə və ənənələrə malikdir. Burada həm ölkə daxilində, həm də Şərq və Qərbdə geniş yayılmış sufi ənənələri inkişaf edib.
Alim vurğulayıb ki, XV əsrdə yaşamış Seyid Yəhya Bakuvi sufilik dünyasının böyük müəllimlərindən biridir. Onun təsiri Azərbaycandan kənara, əsasən Xəlvətilik təriqəti vasitəsilə yayılıb. Xəlvətilik Şimali Afrika, Anadolu və Balkanlar da daxil olmaqla müxtəlif bölgələri əhatə edib.
“Böyük alim hesab edirdi ki, elm vasitəsilə insanların qəlblərini işıqlandırmaq və qaranlıq pərdələrini aradan qaldırmaq mümkündür”, - deyə Sultan Muhəmməd Bahadar Əziz bildirib.
Sufi tədqiqatçısı qeyd edib ki, Yəhya Bakuvinin irsi ilə bağlı tədqiqatların aparılması sevindiricidir. O, digər sufilərin əsərlərinin də İslam mənəviyyatının yeni ölçülərini dərk etməyə kömək edə biləcəyini bildirib.

Müxbirlər - Göyçək Mahmudlu, Lalə Minasazova
Fotoqraf - Səfiyar Məcnun

Cəmiyyət 2026-09-15 12:11:00