


Azərbaycan dili müəllimi: “Zəif şagird” ifadəsini doğru qəbul etmirəm
Bakı, 15 sentyabr, AZƏRTAC
Son illərdə Azərbaycan dili fənninin tədrisində həm məzmun, həm də yanaşma baxımından mühüm dəyişikliklər müşahidə olunur. Əvvəllər qrammatik qaydaların öyrənilməsi daha çox ön planda idisə, hazırda həmin qaydaların mətn üzərində tətbiqi, şagirdin fikrini əsaslandırması, nəticə çıxarması və dil biliklərindən praktik şəkildə istifadə etməsi əsas tələblərdən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 16 nömrəli Texniki-Humanitar Liseyin Azərbaycan dili müəllimi İlhamə Cabbarova söyləyib. Müəllim bildirib ki, müasir Azərbaycan dili dərslərində oxu və anlama, mətnin əsas fikrinin müəyyənləşdirilməsi, nəticə çıxarma, müəllif mövqeyinin anlaşılması kimi bacarıqların inkişafına daha çox diqqət yetirilir: “Şagirdin yalnız qaydanı bilməsi kifayət etmir. Əsas məsələ həmin qaydanı düzgün cümlə qurmaqda və real kommunikativ situasiyalarda tətbiq edə bilməsidir. Dərslərimizdə tənqidi və yaradıcı düşünməyə də geniş yer veririk. “Nədir?”, “Hansı cümlə üzvüdür?” kimi suallarla yanaşı, “Nə üçün belə düşünürsən?”, “Mətndən fakt gətirməklə fikrini əsaslandır” kimi tapşırıqlara da üstünlük veririk”.
İ.Cabbarovanın sözlərinə görə, şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması təlim prosesinin mühüm şərtlərindən biridir. O, “zəif şagird” ifadəsinin şagirdə bir etiket kimi yapışdırılmasının düzgün olmadığını düşünür: “Mən, ümumiyyətlə, “zəif şagird” ifadəsini doğru qəbul etmirəm. Bir sahədə zəif olan şagird digər sahədə daha effektiv nəticə göstərə bilər. Təlim nəticəsi aşağı olan şagirdin kiçik uğurlarını belə qiymətləndirmək və onu daha böyük nailiyyətlərə həvəsləndirmək mümkündür. Təlim nəticəsi yüksək olan şagirdlərə isə təhlil, tətbiq və yaradıcı yanaşma tələb edən daha mürəkkəb tapşırıqlar verirəm. Beləliklə, dərsdə işgüzar mühit formalaşır və heç kim fəaliyyətsiz qalmır”.
Müəllim şagirdlərin danışıq və nitq bacarıqlarının inkişafında mütaliənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, pedaqoji fəaliyyətə başladığı ilk gündən bu istiqamətdə sistemli iş aparır:
“Şagirdlərimlə hər ay Azərbaycan və dünya ədəbiyyatından bir əsər seçir, oxuyur və müzakirə edirik. Əsərlərdəki obrazlara münasibət bildirir, situasiyaları dəyərləndiririk. Mütaliə şagirdlərimin dünyagörüşünün, həyata baxışının, danışıq və nitq bacarıqlarının formalaşmasına böyük təsir göstərir. Şagird bəzən özünü obrazın, bəzən müəllifin yerinə qoyur, hadisələrə münasibət bildirir, razılaşmadığı məqamları isə əsərdən gətirdiyi epizodlarla əsaslandırmağa çalışır”.
İ.Cabbarova müasir təhsil prosesində süni intellektin roluna da münasibət bildirib. O qeyd edib ki, süni intellekt müəllimi əvəz etməkdən daha çox onun köməkçisi və işini asanlaşdıran bir vasitə kimi qiymətləndirilməlidir: “Süni intellekt müəllimin köməkçisi ola, onun işini asanlaşdıra və zamanına qənaət etməsinə imkan yarada bilər. Lakin robot şagirdə emosional yanaşa, təlimlə yanaşı tərbiyə verə bilməz. 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını süni intellekt deyil, müəllim yetişdirib. Müasir təhsili müəllim və süni intellektdən ayrı təsəvvür etmək olmaz. Ancaq milli-mənəvi dəyərlərin aşılanmasında və şagirdin mənəvi formalaşmasında müəllimin şəxsiyyət kimi rolu əvəzolunmazdır”.
Azərbaycan dili müəllimi olmasının səbəblərindən danışan İ.Cabbarova bu peşəni həm maraqlı, həm də böyük məsuliyyət tələb edən fəaliyyət kimi dəyərləndirib: “Şagirdlərlə işləmək, onları yetişdirmək, gələcək nəsli formalaşdırmaq həm maraqlı, həm də məsuliyyətli işdir.
2015-ci ildə MİQ vasitəsilə İsmayıllı rayonunun Qalınçaq kəndində müəllim kimi fəaliyyətə başladım. Orada onlarla qızın təhsilə marağının artmasının, müəllim olmaq üçün çalışmağa başlamasının şahidi oldum. Mən də onlara dəstəyimi əsirgəmədim. Bu gün həmin şagirdlərin bir çoxu müəllim kimi fəaliyyət göstərir”.
Müəllim həmin məktəbdə şagirdlərinin ona Cəfər Cabbarlının əsərlərindəki mütərəqqi qadın obrazlarını xatırlatdığını da qeyd edib: “Xoşbəxtəm ki, neçə-neçə şagird üçün stimul olmuşam. Əgər bir müəllim öz şagirdinin gələcək həyatına müsbət təsir göstərə bilirsə, düşünürəm ki, bu, müəllimlik peşəsinin ən böyük uğurlarından biridir”.
İ.Cabbarova qeyd edib ki, müəllimin əsas missiyası yalnız bilik verməklə məhdudlaşmır. Müəllim, eyni zamanda, şagirdin dünyagörüşünün, şəxsiyyətinin və cəmiyyətə münasibətinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan müasir texnologiyalardan səmərəli istifadə ilə müəllimin pedaqoji və mənəvi missiyasının vəhdəti gələcəyin təhsili üçün əsas istiqamətlərdən biridir.
Müxbir - Tünzalə Arazlı