×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetinin Anatomiya Muzeyinin kolleksiyasından “çoxbaşlı dəfn”ə aid beş qədim kəllə

Bakı, 14 sentyabr, AZƏRTAC

AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarından nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsini davam etdirir.
Bu dəfə söhbət Azərbaycan Tibb Universitetinin Anatomiya Muzeyinin ən qədim eksponat komplekslərindən birini təşkil edən beş insan kəlləsindən gedəcək. Onlar xalqımızın qədim tarixindən, o cümlədən Odpərəstlik dövründən xəbər verən qiymətli antropoloji materialdır.
Muzey Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının binasında yerləşir.
Azərbaycan Tibb Universiteti tərəfindən AZƏRTAC-a təqdim edilən materialda qeyd olunur ki, muzeyin fondlarında saxlanılan beş mindən çox preparat arasında bu unikal kompleks xüsusi yer tutur.
Eksponatların tarixindən Azərbaycanın müasir elmi anatomiya məktəbinin banisi, Əməkdar elm xadimi, görkəmli anatom, tibb elmləri doktoru, professor, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Anatom, histoloq və embrioloqlar cəmiyyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü Vaqif Şadlinski danışır.
Professorun sözlərinə görə, təqdim olunan nümunələr kafedranın mühüm nailiyyətlərindən biri hesab olunur və onların maraqlı tarixçəsi var.
1997-ci ildə Vaqif Şadlinski Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Nəsib Muxtarovun rəhbərlik etdiyi Şəki arxeoloji-folklor qrupu tərəfindən aparılan arxeoloji qazıntılarda iştirak edib. Tədqiqatlar Şəki rayonunun Fazıl və Cumakənd kəndlərində, Qaxda, eləcə də Sarıca-Minbərək abidələr kompleksinin ərazisində aparılıb.
Fazıl kəndi yaxınlığındakı Böyük-Düz, Təpəbaşı, Sayvalı və Yoncalı ərazilərində aparılan qazıntılar xüsusi əhəmiyyət daşıyıb. Şərti olaraq “çoxbaşlı dəfn” adlandırılan və antik dövrə aid olan qədim məzarlıqda arxeoloqlar ətrafların sümüklərini, saxsı qabları və kömür qalıqlarını aşkar ediblər. Mütəxəssislərin fikrincə, qəbirdə kömürün olması odpərəstlik dövrü ilə bağlı dəfn ənənələrindən xəbər verə bilər.
Professor Vaqif Şadlinski aşkar edilmiş materialların toplanmasında iştirak edib. Nisbətən yaxşı vəziyyətdə qorunmuş beş kəlləni elmi-tədqiqat üçün kafedraya gətirib və bundan sonra onlar muzeyə təhvil verilib. Beləliklə, bu nadir tapıntılar 29 il əvvəl muzeyin kolleksiyasını zənginləşdirib.
Professor Vaqif Şadlinskinin rəhbərliyi ilə tədqiq olunan insan kəllələri böyük tarixi və elmi əhəmiyyət daşıyır. Onların eramızdan əvvəl II-VII əsrlərə aid olduğu müəyyən edilib. Kəllələrin kranioloji tədqiqi antropometrik nöqtələr əsasında aparılıb. Kəllə tikişlərinin və dişlərin vəziyyəti nəzərə alınmaqla mütəxəssislər tapıntıların 20-50 yaşarası qadınlara aid olduğunu müəyyənləşdiriblər.
Qadın kəllələrindən biri yuxarıdan baxıldıqda romb formasındadır. Onun səciyyəvi xüsusiyyətləri arasında alın sümüyünün cüzi maililiyi, ənsə sümüyünün yastı forması və göz yuvalarının yüksək olması qeyd edilir. Digər qadın kəlləsinin sferoid formasında təpə və ənsə sümüklərinin bütövlüyü pozulub və nəticədə onların qismən ayrılması müşahidə olunur.
Müxtəlif illərdə Azıx mağarasında, İrəvan ərazisində, Göyçə gölü ətrafında, eləcə də Şəkidə aşkar edilmiş arxeoloji tapıntılar və onların uzun illər ərzində aparılan tədqiqatlarının nəticələri Azərbaycanın qədim tarixindən xəbər verir. 1997-ci ilin avqustunda Şəki rayonunun Fazıl kəndində digər arxeoloji materiallarla birlikdə aşkar edilmiş beş insan kəlləsi də ölkənin tarixi keçmişinin qiymətli sübutlarıdır.
Tədqiq olunan kəllələr dolixoktsefal tipə aiddir. Tədqiqat müəlliflərinin fikrincə, əldə edilən nəticələr onların türkmənşəli əhaliyə aid olduğunu göstərir.
Bu gün həmin nadir tapıntılar Azərbaycan Tibb Universitetinin Anatomiya Muzeyində şüşə vitrinlərdən birində nümayiş etdirilir. Onlar yalnız qiymətli muzey eksponatları deyil, həm də Azərbaycanın qədim tarixinin və antropoloji irsinin öyrənilməsi üçün mühüm mənbələrdir.

Müxbir – Günel Alıyeva

Mədəniyyət 2026-09-14 22:20:00