×
A
A
A
Sazlamalar

Ər-Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək

Qahirə, 14 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 23-dən 25-dək IV “Beynəlxalq Dənizçilik Forumu” keçiriləcək. Müdafiə naziri, şahzadə Xalid bin Salman bin Əbdüləzizin himayəsi ilə təşkil olunacaq tədbirdə hərbi-dəniz qüvvələrinin komandanları, qərar qəbul edən şəxslər, ekspertlər, eləcə də sənaye və texnologiya sektorlarının nümayəndələri yüksək səviyyədə iştirak edəcəklər. 40-dan çox ölkənin beynəlxalq qurumları forumda iştirakını təsdiqləyib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Hərbi-Dəniz Qüvvələrinin təşkilatçılığı ilə keçiriləcək forum “Dəyişən qlobal mühit şəraitində dəniz dibinin və təchizat zəncirlərinin təhlükəsizliyinin gələcəyi” mövzusuna həsr olunacaq.
Forum dənizlərdə baş verən sürətli dəyişikliklər, eləcə də dənizin dərinliklərində yerləşən həyati əhəmiyyətli infrastruktur obyektlərinə, xüsusilə sualtı kabellərə və enerji boru kəmərlərinə qarşı artan təhdidlər fonunda keçirilir. Sözügedən infrastruktur rəqəmsal iqtisadiyyat və ticarət axınının davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.
Forumun sessiya və ixtisaslaşmış tədbirlərində bir sıra əsas məsələlər müzakirə ediləcək. Bunlar sırasında qlobal strateji mühitdə baş verən dəyişikliklər və onların dəniz təchizat zəncirlərinin təhlükəsizliyinə təsiri, enerji təchizatı zəncirlərinə qarşı təhdidlər, dəniz dibinin təhlükəsizliyi və sualtı infrastrukturun mühafizəsi yer alır.
Bununla yanaşı, dəniz nəqliyyatı sektorunda təhlükəsizliklə bağlı çağırışlar, dəniz sistemlərinin mühafizəsini və onların əməliyyat səmərəliliyini artırmağa imkan verən həllər və texnologiyalar nəzərdən keçiriləcək. Həmçinin süni intellektin və müasir texnologiyaların dəniz təhlükəsizliyinin təmin edilməsində rolu müzakirə olunacaq.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2026-09-14 22:02:00