×
A
A
A
Sazlamalar

Dünyaşöhrətli alim Zaqatalada müəllimlərlə görüşüb

Zaqatala, 14 sentyabr, AZƏRTAC

Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə Zaqatalanın gənc və qabaqcıl müəllimləri dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı-alim, professor Məsud Əfəndiyevlə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Humboldt mükafatının ilk azərbaycanlı laureatı, Əməkdar elm xadimi, professor Məsud Əfəndiyev zəngin elmi fəaliyyəti, yaradıcılıq yolu və beynəlxalq səviyyədə qazandığı nailiyyətlər barədə məlumat verib. Alim elmə marağının formalaşması, apardığı elmi araşdırmalar və Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən danışıb.
Professor gənc müəllimlərlə söhbətində elmə, təhsilə və innovativ düşüncəyə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə təhsil və elmin inkişafı, müəllimlərin peşəkar fəaliyyəti, gənc nəslin elmə istiqamətləndirilməsi, eləcə də xaricdə təhsil alan azərbaycanlı tələbə və gənclərə dəstək məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Gənclərin elmi potensialının artırılması, beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi və qabaqcıl təcrübələrin ölkəmizə gətirilməsinin əhəmiyyəti qeyd olunub.
Səmimi və interaktiv şəraitdə keçən görüşdə professor Məsud Əfəndiyev iştirakçıların suallarını cavablandırıb, gənc müəllim və gənclərlə maraqlı fikir mübadiləsi aparıb.
Qeyd edək ki, professor Məsud Əfəndiyev Almaniyada yaşayan dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı-alim, Münxendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatının ilk azərbaycanlı laureatı, Əməkdar elm xadimi və Kanadanın Fields İnstitutunun ömürlük mükafatçısıdır.
Görüşün gənc müəllimlərin dünyagörüşünün zənginləşdirilməsi, elmi düşüncələrinin inkişaf etdirilməsi və gənc nəslin elmə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-09-14 21:25:00