


Misirin Bənhə Universitetində tələbələrə Azərbaycan dili üzrə sertifikatlar təqdim edilib
Qahirə, 14 sentyabr, AZƏRTAC
Misirin Bənhə Universitetinin Dil Mərkəzində Azərbaycan dili üzrə A1 səviyyəsində təhsilini uğurla başa vuran tələbələrə sertifikatların təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bənhə Universitetinin rektoru, professor Nasir əl-Cizavi və Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov iştirak ediblər.
Tədbirdə çıxış edən Bənhə Universitetinin rektoru, professor Nasir əl-Cizavi səfiri salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. O, Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.
Qeyd olunub ki, Bənhə Universitetində ümumilikdə 100 minə yaxın tələbə təhsil alır və universitet Misirin tanınmış ali təhsil müəssisələrindən biridir.
Rektor Nasir əl-Cizavi Azərbaycan dili kursunun təşkilinə görə səfir Elxan Poluxova təşəkkürünü bildirib. O, bu təşəbbüsün Azərbaycan ilə Bənhə Universiteti arasında əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm başlanğıc olduğunu vurğulayıb və gələcəkdə birgə tədbirlərin keçirilməsini təklif edib.
Öz növbəsində, Elxan Poluxov Azərbaycan dilinin Bənhə Universitetində tədrisinin təşkilinə görə minnətdarlığını ifadə edib. O, bu cür təşəbbüslərin Azərbaycan və Misir xalqları, eləcə də iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin əyani göstəricisi olduğunu bildirib.
Səfir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinin dünyada tanıdılması və tədrisinin genişləndirilməsinə xüsusi diqqət yetiriblər.
Bildirilib ki, Misirdə Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Azərbaycan dili iki yerli universitetdə və bir ibtidai məktəbdə tədris olunur.
Tədbirin sonunda universitetin rektoru, professor Nasir əl-Cizavi və səfir Elxan Poluxov təhsildə seçilən tələbələrə sertifikat təqdim ediblər.
Qeyd edək ki, hazırda ümumilikdə Misirin Ayn Şəms, Bədr, əl-Əzhər və Qahirə universitetlərində, Bənhə Universitetinin Dil Mərkəzində, bir məktəbində, eləcə də Azərbaycan-Misir Dostluq Cəmiyyətində Azərbaycan dilinin tədrisi həyata keçirilir.