


Səudiyyə Ərəbistanı İran və Oman arasında Hörmüz boğazı ilə bağlı təklifə düzəliş edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı İran və Oman arasında Hörmüz boğazı ilə bağlı razılaşmaya dair təklifə düzəlişlər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” jurnalisti Barak Ravid məlumat yayıb. Onun sözlərinə görə, Ər-Riyad təklifdəki bəzi müddəaların Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr üçün qəbuledilməz status-kvo yarada biləcəyindən narahat olub.
Bu arada Oman xarici işlər naziri Bədr əl-Busaidi İran və Oman arasında Hörmüz boğazında gəmiçiliklə bağlı razılaşmaların müzakirə olunacağı regional görüşün təxirə salındığını açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, Tehran və Maskat arasında əldə olunan razılaşma Hörmüz boğazının tam açılması demək deyil. İran boğazın yalnız ABŞ ilə münaqişə başa çatdıqdan sonra tam açılacağını bəyan edib.