


İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib
Bakı, 13 sentyabr, AZƏRTAC
İsrail ordusu Suriyanın cənubundakı silahsızlaşdırılmış zonada yerləşən Ayn əl-Şəra və Harbun rayonlarını artilleriya atəşinə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, atəş işğal olunmuş Qolan təpələrindəki İsrail mövqelərindən açılıb. Zərbələr nəticəsində bəzi ərazilərdə yanğınlar baş verib.
Bildirilib ki, Dəməşqdən 55 kilometr cənub-qərbdə yerləşən Beyt Jann şəhəri yaxınlığına da mərmilər düşüb. İsrail qüvvələri Tell Ahmar və Ayn əl-Nuriya kəndlərinə əlavə hərbi qüvvələr göndərib.
Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani İsrailin hərbi əməliyyatlarını pisləyib və İsrail qoşunlarının silahsızlaşdırılmış zonadan çıxarılmasını tələb edib.